Vəkil Fariz Namazlı bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları dünən, avqustun 31-də axşam saat 9-da onu bir cinayət işi ilə bağlı şahid qismində ifadə verməyə aparıblar.
O əlavə edib ki, həmin cinayət işi ilə bağlı hər hansı məlumat verə bilməyəcək.
"Ümid edirəm ki, mənim axşam, iş vaxtından sonra heç bir səbəb göstərilmədən idarəyə aparılmağım barədə Kollegiya rəhbərliyi və Baş Prokurorluğu məlumatlandırıblar. Bu, faktiki olaraq tutulmağa bərabərdir və vəkil tutulduqda dərhal həmin qurumlara məlumat verilməlidir", - o vurğulayıb.
F.Namazlının sözlərinə görə, digər tərəfdən, vəkilləri də artıq şahid qismində dindirməyə cəhd edirlər, bu da onların peşə fəaliyyətini keyfiyyətli şəkildə həyata keçirməsinə mane olur.
Hələlik, bu açıqlamaya DTX və başqa aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.
+++
F.Namazlı avqustun 31-də saxlanmamışdan bir neçə saat öncə Səbail rayon Məhkəməsində DTX İstintaq Baş İdarəsində istintaqı aparılan bir cinayət işi üzrə məhkəmə prosesində iştirak edib. Söhbət 'Talış Milli Akademiyasının xəbərləri'nin baş redaktoru İqbal Əbilovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəmə prosesindən gedir.
İ.Əbilova qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb. Onun vəkillərindən biri F.Namazlıdır.
İ.Əbilov ittihamı qəbul etmir. Onun şikayəti və ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib.