Milli Məclisin üzvü Fazil Musatafaya qarşı silahlı hücumda suçlanan şəxslər deputatın məhkəməyə gəlməsini tələb edirlər.
Onların və vəkillərinin fikrincə, zərərçəkmiş qismində tanınan deputatın məhkəmədə iştirakı təmin olunmalıdır. Bu məsələ yanvarın 12-də keçirilən məhkəmənin hazırlıq iclasında dilə gətirilib.
F.Mustafaya qarşı sui-qəsdlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar başlanıb.
Müttəhimlər kürsüsündə 5 nəfər var: Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinov.
Onlar dövlət xadiminə sui-qəsddə, qanunsuz silah saxlama kimi əməllərdə ittiham edilirlər. Bəzilərinə dövlətə xəyanət, terrorçuluğu maliyyələşdirmə ittihamı da verilib.
Hazırlıq iclasında təqsirləndirilən şəxslərin hüquq və vəzifələri elan olunub, anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkmiş qismində tanınan Fazil Mustafanın özü və ya nümayəndəsi məhkəməyə gəlməyib.
Təqsirləndirilənlər və müdafiəçiləri məhkəmənin zərərçəkmişin iştirakıyla keçirilməsi üçün vəsatət qaldırıblar.
Prosesə sədrlik edən hakim Elnur Nuriyev hazırlıq iclasında cinayət işinin mahiyyətinin araşdırılmadığını, anket məlumatları və s. məsələlərə baxıldığını, bu iclasın zərərçəkmişin iştirakı olmadan da keçirilməsinin mümkün olduğunu deyib. O, məhkəmə baxışında onun iştirakının təmin ediləcəyini də söyləyib. Təqsirləndirilən şəxslər bununla razılaşıblar.
Azər Səricanov və Səbuhi Şirinovun vəkilləri onların hökmədək ev dustaqlığına buraxılmasını istəsələr də, məhkəmə həmin vəsatəti təmin etməyib.
Deputata sui-qəsdlə bağlı işin məhkəmə baxışına verilib araşdırılması qərara alınıb. Məhkəmə baxışı yanvarın 22-də olacaq.
Xatırlatma
Milli Məclisin deputatı Fazil Mustafa ötən il martın 28-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşadığı evin qarşısında güllə atəşinə tutularaq yaralanıb.
Hadisə ilə bağlı araşdırmalar DTX-nın İstintaq Baş İdarəsində aparılıb.