Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar bu gün, sentyabrın 7-də videoformatda qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, prezident deyib ki, idman sahəsində buraxılan nöqsanlar ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır. Onun sözlərinə görə, xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olub və bütün federasiyalarda mövcud vəziyyət ciddi təhlil edilməlidir: "Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir. Onu da nəzərə almalıyıq ki, son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Fəaliyyəti ciddi təftiş edilməlidir..."
Prezident əlavə edib ki, son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət alıb, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksi fəaliyyət göstərir: "Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Çünki biz bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin…".
Xatırlatma
Ötən il koronavirus pandemiyası üzündən təxirə salınan və bu il gerçəkləşən Tokio Yay Olimpiya Oyunlarında Azərbaycan qızıl medal qazana bilməyib. Cəmi 3 gümüş və 4 bürünc medal qazanılıb. Amma buna qədər 1996-cı ildən qatıldığı Olimpiyada Oyunlarında Azərbaycan ilk təcrübəni çıxmaqla daha üstün nəticələr göstərmişdi.
Sizin brauzer HTML5-i dəstəkləmir
Fərid Qayıbov gənclər və idman naziri oldu
Prezident İlham Əliyev bu gün, sentyabrın 7-də Fərid Qayıbovun Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Həmin vəzifə bu ilin aprelindən boş idi. 2006-cı ildən həmin vəzifədə çalışan Azad Rəhimov bu il aprelin 30-da ABŞ-ın Nyu-York şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.
F.Qayıbov bir müddət Azərbaycan Gimnastika Federasiyasının (AGF) Baş katibi vəzifəsini icra edib. 2013-cü ildən isə Milli Olimpiya Komitəsinin (MOK) üzvüdür.