Almaniyada təhsil alan və İranda casusluq ittihamı ilə bu il mart ayının əvvəlində həbs olunan Azərbaycan vətəndaşı Fərid Səfərlinin vəkillə təmin edilmədiyi bildirilir. Ona avqustun 3-dək məhkəməsində son söz üçün vaxt verildiyi deyilir.
Bu barədə onun anası Dilarə Əsgərova məlumat verib. O bildirib ki, oğluna yaxın günlərdə hökm oxunacaq.
Ananın sözlərinə görə, oğlu son vaxtlar məhkəmədə ciddi psixoloji təzyiqə məruz qalır. Onun vurğulamasına görə, bəzi məsələlərlə bağlı oğlunun vəkilə ehtiyacı var, lakin təmin edilmir:
“Azərbaycanın İrandakı konsulluğu bir neçə vəkil məsləhət görsə də, razılaşa bilmədik. Xidmət haqqını fantastik həddə yüksək tələb edirlər. Təkcə, Fəridin telefon zənglərinə cavab verməyə görə, 5000 dollar məbləğ istəyirlər. Prosesdə iştiraka görə isə ağlasığmaz bir məbləğ tələb edirlər...”
Buna da bax: 'Fərid Səfərli məhkəmədə fars dilində dindirilir'
"Azərbaycan tərəfdən heç kimin iştirak etməməsi...”
Dilarə Əsgərova bildirib ki, oğlu ilə məsləhətləşib. Qeyd etməsinə görə, oğlu ona söyləyib ki, vəkilin məhkəmənin qərarına təsir etmək imkanı demək olar sıfırdır və üstəlik, ona qarşı irəli sürülən ittihama dair heç bir sübut yoxdur:
"Yalnız məsləhət almaq üçün bu məbləği vermək mənasızdır. Üstəlik, mənim bu məbləği ödəməyə imkanım olmadığını da nəzərə alıb, qərara aldıq ki, Azərbaycandan Fəridi bir vəkillə əlaqələndirək ki, zəng edib suallar verə bilsin".
Onun vurğulamasına görə, iki vəkil heç bir ödəniş olmadan Fərid Səfərliyə kömək edə biləcəklərini deyiblər:
"Nədənsə Azərbaycanın İrandakı Konsulluğu Fəridlə vəkillər arasında telefon əlaqəsi yarada bilməyəcəklərini bildirdilər. Bu ümidimiz də puç oldu...Bu günə qədər vəkillə təmin olunmaması, məhkəmədə Azərbaycan tərəfdən heç kimin iştirak etməməsi onu çox narahat edir...”
Buna da bax: İranla münasibətlər – 'Hər iki tərəfdə Azərbaycan vətəndaşları əziyyət çəkir'
Azərbaycan XİN-dən izah
Bu deyilənlərə cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, indiyə qədər Fərid Səfərlinin ailəsi və özü ilə əlaqə saxlanılıb:
"Təbrizdəki Baş Konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşlər keçirilib, demək olar gündəlik əsasda onunla telefon vasitəsilə əlaqə saxlanılıb. Fərid Səfərlinin valideyni ilə telefon əlaqəsi saxlamasına imkan yaradılıb."
Onun deməsinə görə, İran qanunvericiliyinə və məhkəmə prosesinin tələblərinə uyğun olaraq, qarşı tərəfdən bir neçə vəkil barədə məlumat Fərid Səfərlinin ailəsinə təqdim olunub:
"Azərbaycanda yaşayan vəkilin prosesə cəlb olunmasının İran qanunvericiliyində nəzərdə tutulmadığı bildirilib. Məhkəmə iclaslarının keçirilmə tarixləri və Baş Konsulluğumuzun rəsmilərinin iclaslarda iştirakı barədə sorğu ünvanlansa da, İran tərəfindən cavablandırılmayıb və məhkəmə iclaslarında iştirak mümkün olmayıb".
Fərid Səfərliyə ittiham dəyişdirilib
Əlavə edildiyinə görə, bununla yanaşı, müraciətlərinə baxmayaraq, təqsirləndirilən şəxs tərcüməçi ilə də təmin olunmayıb:
"Müəyyən edilib ki, 19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub."
Bu deyilənlərə İranın Azərbaycandakı Səfirliyindən isə münasibət almaq mümkün olmayıb.
Buna da bax: İranın dövlət agentliyinə 'yaşıl işığ'ın səbəbi...Xatırlatma
Almaniyada təhsil alan Səfərlinin bu il fevralın 20-də eyni universitetdə oxuduğu qızın dəvəti ilə Tehrana getdiyi deyilir.
Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb. Səfərlinin bu ittihamları rədd etdiyi bildirilir.
Yaxın vaxtlara qədər İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər müşahidə edilib.
Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb.
Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.
Amma Azərbaycanın İrandakı konsulluğu fəaliyyətini davam etdirir.