Almaniyada təhsil alan və martın əvvəlindən İranda itkin düşdüyü güman edilən Azərbaycan vətəndaşı Fərid Səfərliyə casusluq ittihamı verildiyi bildirilir.
Bu barədə “Turan”a tələbənin anası Dilarə Əsgərova məlumat verib.
Onun sözlərinə görə, İran tərəfi bu barədə Azərbaycan Xarici Nazirliyinə rəsmi məktub göndərib:
“Bildirilir ki, oğlum İranda casusluq ittihamı ilə həbs edilib. İttiham saxtadır, oğlum casusluq etməyib. Biz verilən ittihamları qəbul etmirik".
Əsgərova qeyd edib ki, Azərbaycanın İrandakı konsulluğunun əməkdaşlarının Fərid Səfərli ilə telefon danışığı olub:
“Biz Fəridlə görüş tələb edirik. Konsulluğumuz bu barədə İranın aidiyyati qurumlarına müraciət edib".
Rəsmi açıqlama yoxdur
Hələlik, bu açıqlamaya İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.
Yaxınları deyirlər ki, Almaniyada təhsil alan Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə oxuduğu qızın dəvəti ilə Tehrana gedib.
Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb.
Azərbaycan Xarici İşlər Nazirliyindən isə bundan əvvəl bildirilmişdi ki, qeyd edilən məsələ ilə bağlı müraciət onlara martın 9-da daxil olub:
“Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə, Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir.”
Buna da bax: İranla münasibətlər – 'Hər iki tərəfdə Azərbaycan vətəndaşları əziyyət çəkir'
Xatırlatma
Hazırda İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər var.
Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.
Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb.
Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.
Amma Azərbaycanın İrandakı konsullugu fəaliyyətini davam etdirir.