ABŞ-ın Qafqazdakı əsas vasitəçisi istefa verir

Filip Riker

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker (Philip Reeker) yanvarın 5-də diplomatik xidmətdən təqaüdə çıxır. Bu barədə "Turan"ın Vaşinqton müxbiri xəbər verir.

Ötən ilin avqustunda Dövlət katibi Entoni Blinken (Antony Blinken) səfir Rikeri özünün baş müşaviri və ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri təyin etmişdi.

Dövlət Departamentinin sözçüsü Ned Prays (Ned Price) yanvarın 4-də gündəlik brifinqdə deyib: "...Onun keçən ilin sonuna kimi qısamüddətli əsasda bu vəzifəni tutacağı gözlənilirdi".

Prays bildirib ki, Rikerin gedişi Birləşmiş Ştatların Cənubi Qafqaz regionu üçün təhlükəsiz, demokratik və dinc gələcəyə sadiqliyinə heç bir halda xələl gətirmir.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

2021-ci ilin dekabrından bəri tərəflər arasında sülh danışıqlarında Avropa İttifaqı da vasitəçi kimi iştirak edir. ABŞ bu prosesi dəstəkləyir.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.