Filippin polisi Manilada onlayn kazinoda işləməyə aparılan mindən çox insan alveri qurbanı olduğu deyilən şəxsi xilas etdiyini bildirir. Məlumat iyunun 27-də yayılıb.
Polis ötən gecə paytaxtda bir neçə binada reyd keçirib, Çin, Vyetnam, Sinqapur, Malayziya vətəndaşları olmaqla xeyli insan aşkarlayıb.
Məlumata görə, qurban olduqları deyilən şəxslər Facebook elanlarında təklif olunan, Filippində “onlayn oyunlarda assistent” işlərini qəbul ediblər.
Son vaxtlar Asiya-Sakit Okean regionunda internet dələduzluğu sarıdan beynəlxalq narahatlıq artır.
“Frans Pres” agentliyinin hadisə yerində olan müxbirləri yaşayış kompleksinin qarşısında iki polis avtobusu və iki polis yük maşını dayandığını görüblər. Ancaq onları binalara buraxmayıblar.
Polisin sözçüsü ilkin olaraq, insan alveri üzrə iş açılacağını, hər şeyin araşdırılacağını bildirib.
Mayda rəsmi orqanlar bir neçə Asiya ölkəsindən Filippinə aparılan mindən çox insanı xilas edib. Onların əsir saxlandığı, onlayn dələduzluq sxemlərini işlətməyə məcbur edildiyi açıqlanıb.