«Xahiş edirəm, FOX TV-nin yayımının dayandırılmasını siyasiləşdirməyin». Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev AzadlıqRadiosuna belə deyir.
Fevralın 22-də günün sonuna doğru Azərbaycanda bəzi kabel televiziyalarında Türkiyənin «FOX Türk» telekanalının yayımı dayandırılıb.
«TEXNİKİ İŞ», «MÜƏYYƏN SƏBƏBLƏR» VƏ MTRŞ-NIN GÖSTƏRİŞİ
Fevralın 23-də KaTV-dən AzadlıqRadiosuna bildiriblər ki, adıçəkilən kanalın bütün ölkədə yayımı dayandırılıb. Bunun səbəbi ilə maraqlandıqda, qeyri-müəyyən cavab verilib: «Müəyyən səbəblərdən dayandırılıb». AzadlıqRadiosunun «müəyyən səbəblər»in konkretləşdirilməsi haqda cəhdləri cavabsız buraxılıb.
Buna da bax-'Prezident gəlir, deyir ki, mən arvadımı birinci-vitse prezident təyin etdim'
«ATV+» kabel televiziyasından AzadlıqRadiosuna deyilib:
Sizin brauzer HTML5-i dəstəkləmir
– Texniki işlər getdiyi üçün kanalın yayımı dayandırılıb.
– Bərpa ediləcəkmi?
– Bərpa edilib-edilməyəcəyini deyə bilmərəm. Son məlumat budur ki, texniki iş gedir.
– Daha dəqiq cavab almaq üçün yetkili bir şəxslə bizi əlaqələndirə bilərsinizmi?
– Verəcəyimiz cavab ancaq budur, hazırda texniki iş gedir.
«Ailə TV» isə artıq fevralın 22-də bu addımı Milli Televiziya və Radio Şurasının qərarı ilə atdığını bəyan etmişdi.
«BURDA ŞURALIQ BİR ŞEY YOXDUR»
Şura sədrinin müavini Qafar Cəbiyevlə söhbəti təqdim edirik.
Buna da bax-Əliyevləri tənqid edən türk kanalının yayımı Azərbaycanda dayandırıldı
– Qafar müəllim, MTRŞ FOX TV-nin yayımdan qaldırılması ilə bağlı göstəriş veribmi?
– Kim deyir bunu?
– Məsələn, «Ailə TV».
– Kabel televiziyalarının hansısa kanalı yayımlamaqla bağlı öhdəliyi varmı?
– Onlar müştəriyə əvvəlcədən konkret kanalların siyahısı olan paketlər təqdim edirlər. Müştəri də paketi seçəndə artıq bilir ki, onun baxacağı kanallar arasında, məsələn, FOX TV də var. Bu baxımdan öhdəlik yaranmış olur.
– Kabel televiziyası istənilən vaxt paketdə dəyişiklik edə bilər. Bu onların ixtiyarındadır. Onun daimi öhdəliyi yoxdur ki, həmin kanalı həmişə yayımlasın. Görər ki, bu kanal ona xeyir gətirmir, onda başqa sərfəli kanalı öz paketinə daxil edər. Burda Şuralıq bir şey yoxdur.
– Yəni bu, Şuranın qərarı deyil? Belə bir göstəriş verilməyib?
– Mən sizə izah etdim. Onlar bu işdə sərbəstdirlər. İstədikləri kanalı daha sərfəli, daha çox sosial sifariş olan kanalla əvəzləyə bilərlər.
– Qafar müəllim, necə oldu ki, bütün kabel televiziyaları məhz eyni gündə FOX TV-ni siyahıdan çıxarmaq qərarına gəldilər?
– Sizcə, burda başqa məna, səbəb axtarmağa lüzum var?
– Məsələ ondadır ki, bu qərardan cəmi bir gün öncə - fevralın 21-də FOX TV-nin xəbər proqramının aparıcısı Fatih Portakal Azərbaycan dövlət başçısı İlham Əliyevin xanımını birinci vitse-prezident təyin etməsi haqda xəbəri izləyicilərə gülüşlə təqdim etmişdi.
– Xahiş edirəm, belə şeyləri siyasiləşdirməyin.
– Qafar müəllim, kanal məhz bu təqdimatdan sonra yayımdan yığışdırılıb.
– (susur) Kim o sözü deyib ki, belə oldu, elə oldu, bah... Onda siz də, kabel yayımçıları da bir qrafik verin ki, filan vaxtı dəyişdirə bilərlər kanalı.
– Bu, bizim səlahiyyətimizdə deyil.
– Qarışmayın da onda bu işə. Niyə deyirsiz ki, filan məsələdən sonra belə oldu? Niyə dərhal siyasiləşdirirsiniz? FOX TV-ni və ya başqa kanalı öz paketlərinə daxil edəndə heç demirdilər belə oldu, elə oldu. İndi onu çıxarıb başqasını salıb... Mənim heç məlumatın yoxdur, doğrusu, o işdən. Hansı kanalı hansıyla əvəzləyiblər. Çünki baxmadığım kanaldır. Amma nə deyək ki. Dəyişirlər dəyişsinlər. Kabel şəbəkəsi, yayımçı hüquqi şəxsdir, onlar da tamaşaçı ilə işləyirlər, sosial sifariş nəyədir, onu verirlər. Məsələnin mahiyyətini bilmirəm, amma prosedur belədir. Xahiş edirəm, bu şeyləri siyasiləşdirməyin.
XATIRLATMA
Yada salaq ki, iki il öncə Türkiyənin «Kanal D» telekanalının Azərbaycanın kabel televiziyalarında yayımı dayandırıldı. O zaman bu qərarın siyasi hakimiyyətin istəyi ilə izah edildiyi bildirilmişdi.
Fevralın 21-i FOX kanalının xəbərlər proqramında Azərbaycanla bağlı süjet efirə verilmişdi. Orada prezident İlham Əliyevin xanımı Mehriban Əliyevanı birinci vitse prezident təyin etməsi aparıcının gülüşü ilə təqdim edilmişdi.
FOX kanalının həmin xəbərlər proqramı Azərbaycandakı sosial şəbəkələrdə də qızğın müzakirəyə səbəb olmuşdu. Artıq onda FOX kanalının yayımının dayandırılması haqda ilkin ehtimallar səslənmişdi.
Sosial şəbəkələrdə media mütəxəssisləri və ya sıravi vətəndaşlar baş verənləri ifadə azadlığına müdaxilə kimi dəyərləndirirlər.