Fransa Azərbaycandakı səfirini geri çağırıb

Fransa XİN

Rəsmi Paris Fransanın Azərbaycandakı səfirini məsləhətləşmələr məqsədilə geri çağırdığını açıqlayıb. Fransa Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına görə, qərarın səbəbi "Azərbaycanın iki ölkə arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətləridir".

Fransa tərəfi təfərrüatları açıqlamır.

Aprelin16-da səfir Ann Buayonu prezident Emmanuel Makron qəbul edib.

"O, [Makron] Azərbaycanın hərəkətlərindən təəssüfləndiyini və onlardan izahat eşitmək istədiyini bildirib", - məlumatda vurğulanır.

XİN əlavə edir ki, Fransa beynəlxalq hüquqa, habelə hər iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəyini bir daha təsdiqləyir.

Rəsmi Bakı Azərbaycan-Ermənistan sülh prosesində Fransanın hər hansı iştirakına qarşı çıxır. Bakı Parisi Ermənistana tərəfkeşlikdə ittiham edir.

Fransa və Azərbaycan arasında münasibətlər son aylarda gərginləşib. Ötən ilin sonunda tərəflər bir-birinin diplomatlarını arzuolunmaz şəxs elan ediblər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Fransa-Azərbaycan münasibətləri haracan gərginləşə bilər?

Fransa səfirinin geri çağırılmasına Bakının reaksiyası

"Məhz Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən (İkinci Qarabağ Müharibəsi) sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Fransanın öz səfirini Azərbaycandan geri çağırmasına münasibət bildirərkən deyib.

XİN sözçüsünə görə, Bakının Parisə qarşı addımları və verilən rəsmi bəyanatlar yalnız "destruktiv fəaliyyətə" cavab xarakterli olub. "Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb", - o vurğulayıb.

"Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edən Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır", - - XİN rəsmisi əlavə edib.

Xatırlatma

Fransa ABŞ və Rusiya ilə birgə 20 ildən çox ATƏT-in Minsk qrupunda Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda vasitəçilik edib. 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələ də sülh sazişi imzalanmayıb.