Fransa Ermənistana hərbi texnika vermək üçün saziş imzalamağa razıdır. Bunu Fransanın Avropa və Xarici İşlər naziri Katrin Kolonna Yerevanda Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan ilə mətbuat konfransında deyib.
"Fransa gələcəkdə Ermənistana özünü müdafiə etməkdən ötrü hərbi texnika verməyi nəzərdə tutan saziş imzalamağa razılaşıb. Aydındır ki, hazırda bu məsələ üzərində detallı dayana bilmərəm", – fransalı nazir vurğulayıb.
Ermənistanı Avropa sülh mexanizminə salmaq...
Kolonna onu da qeyd edib ki, Avropa İttifaqının xarici siyasət rəhbəri Jozep Borrelə rəsmi məktub göndərərək müşahidə missiyasını genişləndirməyi, onun mandatını gücləndirməyi xahiş edib. Məqsəd Ermənistandakı mövcud Aİ missiyasını bu ölkə üçün daha faydalı etməkdir. "Həmçinin Ermənistanı Avropa sülh mexanizminə salmağı təklif etdim. Məsələn, belə bir proqram Moldova üçün gerçəkləşdirilir", – Kolonna vurğulayıb.
Buna da bax: Şarl Mişel: 'Rusiya erməni əhalisinə xəyanət edib'Nazir Sünik vilayətinin Goris şəhərinə də getməli idi, amma pis hava ucbatından səfər təxirə salınıb. Kolonna Gorisdə Qarabağdan gedən qaçqınlarla görüşmək istədiyini bildirib. Onun sözlərinə görə, Fransa Gorisə fəxri konsul təyin edib və bununla Fransanın bu vacib regionda, Sünik vilayətində mövcudluğu möhkəmləndiriləcək.
Ermənistanın Baş naziri Nikol Paşinyan fransalı nazirlə görüşündə deyib ki, Qarabağ mahiyyətcə etnik təmizləmə qurbanına çevrilib, amma təəssüf ki, beynəlxalq mexanizmləri işə salmaq alınmayıb.
Rəsmi Bakı isə Qarabağda etnik təmizləmə, ermənilərin deportasiyası ittihamlarını rədd edir. Prezident Administrasiyası Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya planlarını da açıqlayıb.
Fransanın xarici işlər naziri Paşinyan ilə görüşündə deyib ki, Paris Yerevana 12.5 milyon avro humanitar yardım ayırmağı planlaşdırır. Kolonna əmin edib ki, gərəkərsə, bu yardım davam edəcək.
Ermənistan 100 min 500 nəfərə yaxın erməninin Qarabağı tərk etdiyini bildirir. Rəsmi Bakı hələ müvafiq rəqəmləri açıqlamayıb.
Buna da bax: Ermənistan parlamentində mübahisə: 'Qarabağı satmısız'Xatırlatma
- 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
- Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" keçirdiyini elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.
- Sentyabrın 28-də tanınmayan qurum özünü buraxdığını elan edib. Artıq separatçı rejim liderlərinin də saxlanaraq Bakıya gətirildiyi bildirilir.