"Fransanın hər kəsin əldə etmək istədiyi hərbi texnikası var. Fransa onu Ermənistana verir", - Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi özünün X səhifəsində yazıb.
Səfir postuna "Politico" qəzetində "Thales" şirkətinin (Fransa) radar istehsalı ilə bağlı məqaləyə keçid də əlavə edib.
Məqalədə şirkətin 2008-ci ildən bəri dünyanın 32 ölkəsinə 200, təkcə 2023-cü ildə isə 40 GM radarı satdığı bildirilir.
Həmçinin qeyd edilir ki, Paris son aylar Ermənistana üç, Moldovaya bir GM200 sistemi satıb. Moldova onlardan Avropa İttifaqının Avropa Sülh Fondunun maliyyələşdirdiyi daha bir yenisini almağa hazırlaşır.
Payızda Ermənistan və Fransa hərbi əməkdaşlıq haqqında saziş imzalayıblar. Artıq fevralda Fransa müdafiə naziri Ermənistanın zirehli texnikanın ilk partiyasını aldığını açıqlayıb.
Paris dəfələrlə bəyan edib ki, Ermənistana ancaq müdafiə texnikası verir. Yerevanda Ermənistanın müdafiə naziri Suren Papikyan ilə keçirdiyi birgə mətbuat konfransında Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu bu regionda prioritet məsələnin həm əhalinin, həm də sərhədlərin qorunması olduğunu bildirib. O vurğulayıb ki, heç kim Ermənistan ordusunu müdafiə imkanlarını gücləndirdiyinə görə tənqid edə bilməz.
"Bu səylər sizə özünüzü ən yaxşı şəkildə müdafiə etməyə imkan verəcək", – Lekornu deyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Rusiya uzun müddət Ermənistanın əsas silah və sursat təchizatçısı olub. Ancaq ikitərəfli münasibətlərin pisləşdiyi bir vaxtda Yerevan digər silah təchizatçıları axtarmağa başlayıb. 2022-ci ilin sentyabrından bəri Hindistanla da azı 400 milyon dollarlıq müdafiə müqavilələrinin imzalandığı bildirilir.