İyulun 7-də Fransada parlament seçkilərinin ikinci turu keçirilib. Sol qüvvələr alyansı gözlənilmədən ifrat sağçılardan önə çıxıb. Bu isə Merin Lö Penin "Milli birlik" (RN) partiyasının hökuməti idarə etməyini önləyir.
Rəy sorğuları RN-in seçkini asanlıqla udacağını göstərirdi. Ancaq sol və mərkəzçi alyanslar əməkdaşlığa gedərək RN-ə qarşı cəbhə yarada biliblər.
İfrat solçu, Sosialistlər və Yaşıllardan ibarət solçu "Yeni xalq cəbhəsi" alyansının 577 yerdən 172-215-ni qazanacağı gözlənilir.
Prezident Emmanuel Makronun mərkəzçi alyansı isə 150-180 yerlə ikinci olacağı görünür.
RN 115-155 yer qazana bilər.
Fransanın baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsi təqdim edəcəyini bildirib. Makron baş naziri özü təyin edə bilər. Ancaq Yelisey sarayından deyilib ki, prezident parlamentin yekun formalaşmasını gözləyəcək.
+++
İkinci turda seçicilərin 66.6 faizi iştirak edib.
Rəqib partiya təmsilçiləri ikinci turdan öncə seçiciləri solçu namizədlərə səs verməyə çağırırdı. Məqsəd ifrat sağçıların qalib gəlməsinə mane olmaq idi.
"Le Monde" qəzetinin dərc etdiyi nəticələrə görə, "Yeni xalq cəbhəsi" 182, prezident-yönümlü "Respublika uğrunda Birlikdə" koalisiyası 168 mandat qazanıb. Solçular inandırıcı nəticələr göstərə bilmədikləri dairələrdə bu koalisiyanın namizədlərinə səs verməyə çağırırdılar.
İfrat sağçı "Milli birlik" 143, "Respublikaçılar" 45 yer əldə edib. Digər birliklər isə ümumilikdə 39 mandat qazanıblar.
Bununla da heç bir siyasi qüvvə parlamentdə çoxluğu ala bilməyib. Fransa Milli Assambleyasında 577 deputat var, çoxluqdan ötrü 289 yer qazanılmalıdır.
"Hələ son deyil"
AzadlıqRadiosunun Avropa müxbiri Rikard Yozvyak yazır ki, adətən sağ-mərkəzçi və solçu qüvvələr bir-biri ilə rəqabət aparanda RN çiçəklənirdi. Bu dəfə isə ifrat sağçılar bu didişmədən məhrum qaldılar.
Ekzit-pol nəticələri Avropada çoxlarının dərindən nəfəs almasına səbəb olsa da, bu, hələ son deyil. Makronun qanadları azından öz ölkəsində "kəsildi", - müəllif qeyd edir.
Belə bir parçalanmış parlamentdə funksional hökumət formalaşdırmaq asan olmayacaq. Belə ki, solçu alyans və Makronun mərkəzçi qüvvələri heç də eyni dildə danışmırlar, hələ aylansdakı bəzi partiyalar bir qırağa dursun.
Görünür, koalisiya yaradılsa da, zəif, xaotik olacaq. Bir il ərzində bu iş alınmasa, yeni seçkilər istisna edilmir.
"Lö Penin kənarda daha əlverişli məqamı gözləyəcəyi də istisna deyil. Həm parlament seçkilərində, həm də daha böyük priz hələ qabaqdadır: 2027-ci ildə yeni prezident seçkisi gözlənilir", -- Yozvyak yazır.
Küçələrdə izdiham, iğtişaşlar
İlkin nəticələr yayılandan sonra Fransa şəhərləri izdiham bürüyüb.
Parisdə Respublika meydanına minlərlə insan yığışıb. Əvvəlcə dinc keçən aksiyada sonradan qarışıqlıq düşüb, zibil qabları, velosipedlər yandırılıb, avtobus dayanacaqlarının şüşələri sındırılıb. Nant şəhərində aksiyalar zamanı iğtişaşlar yaranıb, polis gözyaşardıcı qazdan istifadə etməli olub. Xəbəri BBC-nin rus xidməti yayıb.
Bu ilin iyununda Avropa Parlamentinə seçkilərdə Fransada ifrat sağçıların qələbəsindən sonra ölkədə növbədənkənar parlament seçkiləri təyin olunub.
01.07.2024
Fransa seçkilərində ifrat sağçılar birinci turun qalibidir
İyunun 30-da Fransada parlament seçkilərinin birinci turunun qalibi Marin Lö Penin "Milli birlik" (RN) partiyası olub.
Səsvermə yüksək seçici iştirakçılığı ilə keçirilib, RN-in solçu və mərkəzçi rəqiblərini geridə qoyaraq səslərin 34 faizə qədərini yığdığı bildirilir. Məlumatı "Reuters" "Ipsos", "Ifop", "OpinionWay" və "Elabe" təşkilatlarının ekzit-pollarına əsasən yayıb.
Prezident Emmanuel Makronun "Birlikdə" alyansı 20.5 faiz səs yığıb.
Tələsik yaradılmış sol qanad koalisiyası – "Yeni xalq cəbhəsi"nin 29 faizə yaxın səs yığdığı görünür.
Fransada çoxlarının qəbul etmədiyi RN indi hakimiyyətə heç vaxt olmadığı qədər yaxın görünür. Lö Pen son vaxtlar irqçilik və antisemitizmlə tanınan partiyasının imicini təmizləməyə çalışıb. Makronun dövründə yaşam xərclərinin, immiqrasiya sarıdan narahatlığın yüksəlməsi seçicilərin qəzəbini artırıb deyə, bu taktika səmərəli olub.
Fransada seçkilər majoritar sistem üzrə iki turda keçirilir- namizədlər partiya siyahıları ilə deyil, 577 dairə üzrə seçilir. İlk turda qalib gəlmək üçün 50 faizdən çox səs toplamaq lazımdır. Əks halda, dairə üzrə səslərin azı 12.5 faizini qazanan şəxslər ikinci tura keçirlər.
Makron seçiciləri "aşkar respublikaçı və demokratik" namizədlər ətrafında birləşməyə çağırıb. Onun son bəyanatlarına əsasən demək olar ki, RN və ifrat solçu "Əyilməz Fransa" partiyasının namizədləri bu sırada deyillər.