Fransa Azərbaycan səfirliyinin iki əməkdaşını ölkədən çıxarır

Paris

Cavab addımı olaraq Fransa Parisdəki Azərbaycan səfirliyinin iki əməkdaşını "persona non-grata" elan edib. Bu haqda Fransanın Xarici İşlər Nazirliyi (XİN) dekabrın 27-də məlumat yayıb.

Azərbaycan dekabrın 26-da Fransa səfirliyinin iki əməkdaşını "diplomatik statusa uyğun olmayan" fəaliyyətə görə "arzuolunmaz şəxs" elan edib.

Fransa XİN bəyanatında bu iddiaları "qəti şəkildə" rədd edərək bildirib ki, Azərbaycanın səfirini "bu elementləri aydınlaşdırmaq" üçün çağırıb.

+++

Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Azərbaycan XİN-in məlumatına görə, Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan fəaliyyətlərinə görə ciddi etiraz bildirilib.

Açıqlamaya görə, onları Azərbaycan hökumətinin "persona-non-grata" (arzuolunmaz şəxs) elan etdiyi Fransa səfirinin diqqətinə çatdırılıb.

"Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib", - məlumatda vurğulanır.

Rəsmi açıqlamaya, hələlik, Fransanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Son illər Azərbaycan rəsmilərinin dilindən tez-tez Fransanın rəsmi şəxsləri haqqında tənqidi fikirlər eşidilir. Onlar Fransanı Azərbaycan-Ermənistan münaqişəsində qarşı tərəfin mövqeyini müdafiə etməkdə günahlandırırlar. Amma Fransa rəsmiləri belə tənqidləri qəbul etmirlər.