ABŞ-də mənzillənən "Freedom House" insan haqları təşkilatı bugünlərdə "Niyə Dağlıq Qarabağda erməni yoxdur?" başlıqlı hesabatın xülasəsini açıqlayıb. Geniş hesabat daha sonra yayımlanacaq.
Qurum faktaraşdırıcı hesabatda 2020-ci ilin İkinci Qarabağ müharibəsindən, 2023-cü ilin sentyabr əməliyyatlarından bəri Qarabağda etnik ermənilərin vəziyyətini araşdırıb. Hesabatın yüzlərlə şahid müsahibəsi, açıq mənbələr, təhlil əsasında hazırlandığı, məqsədin 2024-cü ilin mayında Qarabağda niyə etnik erməninin olmaması sualına cavab tapmaq olduğu bildirilir.
"Hesabatda Dağlıq Qarabağda əhalinin məqsədli şəkildə davamlı hücumlar görməsi, qorxudulması, təməl hüquqlar, adekvat yaşam şərtlərindən məhrum edilməsi, məcburi köçürülməyə məruz qalması sənədləşdirilib", - sənəddə deyilir.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağa və ətraf 7 rayona nəzarətini bərpa edib. 2023-cü ilin sentyabrında rəsmi Bakının "antiterror tədbirləri" adlandırdığı əməliyyatlar nəticəsində isə Qarabağın mərkəzi Xankəndi üzərində nəzarət ələ alınıb. Bundan sonra ermənilərin Qarabağdan köçü başlanıb. Ermənistan bunu "etnik təmizləmə" adlandırıb. Ancaq rəsmi Bakı ermənilər üçün reinteqrasiya planı açıqlayıb.
"Freedom House" 2020-ci il müharibəsindən sonra Azərbaycanın nəzarətinə keçən ərazilərdən 30 min etnik erməninin köçkün düşdüyünü, onlara qayıtmağa icazə verilmədiyini bildirir. Qarabağın ermənilərin nəzarətində qalan hissəsində isə 2023-ci ilin sentyabrınadək 120 minə yaxın erməninin qaldığı qeyd olunur.
Azərbaycan hakimiyyəti isə Qarabağdan köçmüş ermənilərin sayının dəfələrlə az olduğunu bildirir.
Azərbaycandan reaksiya
Ermənistandan didərgin düşmüş azərbaycanlıların yaratdığı "Qərbi Azərbaycan İcması" "Freedom House"un hesabatını "anti-Azərbaycan" adlandırıb.
"Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan torpaqlarından bir milyona yaxın azərbaycanlının zorla qovulmasına göz yuman "Freedom House" təşkilatının sözügedən böhtan xarakterli hesabatı yayması bu qurumun açıq qərəzinin və destruktivliyinin sübutudur", - bəyanatda deyilir.
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.
Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.