Rusiyanın İstintaq Komitəsi Federal Təhlükəsizlik Xidmətinin (FSB) üç zabiti ilə bağlı 5 milyard rublluq (54.9 milyon dollar) rüşvət işi üzrə təhqiqata başlayıb. Söhbət Aleksey Tsarev, Sergey Manışkin və Aleksandr Uşakovdan gedir.
Məlumatı TASS hüquq-mühafizə orqanlarına istinadla yazır.
Hər üç təqsirləndirilən FSB-nin güc strukturlarında korrupsiya ilə mübarizə aparan "M" idarəsində xidmət ediblər.
TASS-ın məlumatına görə, Uşakov həbs olunub, ona xidməti vəzifəsindən istifadə edərək cinayətkar qrup yaratmaq ittihamı verilib.
Manışkin və Tsarev ev dustaqlığındadırlar. Onların istintaqla əməkdaşlığa gedərək cinayət ortaqları barədə ifadə verdikləri bildirilir.