Sentyabrın 28-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın üzvləri kənd sakinləri ilə görüşüb. Komissiyanın sədri, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev görüşdə kənd sakinlərinə "Micon" Beynəlxalq Monitorinq Şirkətinin apardığı monitorinqin nəticələrini təqdim edib. Bildirilib ki, sakinlərin Söyüdlü kəndində ekoloji məsələlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmələri üçün birbaşa əlaqələndirici şəxs təyin olunub. Həmin şəxs Surxay Nəzərovdur.
Bugünlərdə Baş nazir Əli Əsədovun yanında bu kənddə vəziyyətin araşdırılması üçün yaradılmış komissiyanın iclası da olmuşdu. Nazirlər Kabinetindən bildirildiyinə görə, iclasda Böyük Britaniyanın "Micon International Co Limited" şirkətinin ərazidə apardığı monitorinqlərin nəticələrinə dair hesabat və tövsiyələr müzakirə olunub. Hesabata görə, Gədəbəy rayonunun Söyüdlü kəndində su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb: "Lakin bunun ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyi olmaması müəyyənləşdirilib. İstehsal və yaşayış sahələrində yeraltı suların monitorinqi zamanı zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianidin olduğu qeydə alınıb...".
Buna da bax: Gədəbəydəki etirazlar qızıl şirkətinə 19 milyon dollara başa gəlibMəlumatın sonunda da mədənin mərhələlərlə fəaliyyətə başlayacağı bildirilirdi: "..."Azərbaycan Beynəlxalq Mədən Şirkəti" tərəfindən yenidənqurma, modernləşdirilmə ilə bağlı icra qrafiki hazırlanaraq təqdim olunduqdan və aidiyyəti dövlət qurumları ilə razılaşdırıldıqdan sonra zavodun fəaliyyətinin mərhələli şəkildə bərpa olunması təmin edilə bilər".
"Hələ də polis nəzarəti var"
Söyüdlü kəndinin sakinləri də AzadlıqRadiosuna bildiriblər ki, görüşdə onlara yoxlamanın nəticələri təqdim olunub və köhnə gölün fəaliyyətinin bərpa ediləcəyi deyilib.
Sakinlər həmin qərardan o qədər də razı olmadıqlarını söyləyiblər. Amma çəkindiklərindən bu barədə geniş danışmaq istəmədiklərini qeyd ediblər. Adının çəkilməsini istəməyən bir şəxs də vurğulayıb ki, kəndin giriş və çıxışında hələ də polis nəzarəti var.
"Zavodun bağlanması məsələsi aktual deyildi"
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa isə "Turan"a deyib ki, komissiya məsələni obyektiv araşdırıb və vətəndaşların müəyyən hallarda haqlı olduğunu ortaya qoyub: "Burada başqa hadisə gözlənilmirdi. Burada həm də həmin zavod üçün məsuliyyət müəyyən edildi. Eyni zamanda, zavodun bu məsələyə daha ciddi yanaşması zərurəti ortaya qoyuldu".
Deputat vurğulayıb ki, hər hansı bir şəkildə zavodun bağlanması məsələsi aktual deyildi: "Orada həm də yerli camaat işləyir və orada yüzlərlə adam çalışırsa, onların da iş fəaliyyətini qapatmaq olmaz, onların da dolanışığı var".
Komitə üzvünün sözlərinə görə, zavodda sianid turşusunun miqdarının açıqlanması da göstərdi ki, təhlükə riski var: "Yəqin ki, qısa müddətə işi dayandırıb yeni texnologiya, yeni istismar metodu təyin etmək çətin olar. Bunun sonrakı vaxtlarda gerçəkləşməsi mümkün olacaq. Birdən-birə iş metodunun dəyişməsi zavodun tamamilə sıradan çıxması demək ola bilər. Materialların alınması, mexanizmlərin qurulması böyük vəsait tələb edən məsələdir. Yəqin ki, bu istiqamətdə addımlar atılacaq".
Buna da bax: Qızıl yataqları Gədəbəyə nə verdi?"Söyüdlüdə vəziyyət ürəkaçan deyil"
Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli isə AzadlıqRadiosuna bildirib ki, Söyüdlüdə vəziyyət ürəkaçan deyil: "Ekoloji fəlakətlə bağlı həyəcan təbili çalan vətəndaşların çətin durumu davam edir. Yəni, orada xüsusi olaraq bugünə qədər ciddi təmizləmə həyata keçirilməyib".
Ekspertin fikrincə, sözsüz ki, istər suda, istərsə torpaq səthində ağır metallar olacaq: "Çünki söhbət qızıl emalı zamanı kimyəvi maddələrin istifadəsindən gedir. Kimyəvi maddələr bilavasitə zəhərli olduğuna görə insanların fərdi təsərrüfatlarında hətta tələfata səbəb olmuşdu".
"Əgər kənddə hələ də polis postları qalırsa..."
İ.Hüseynlinin deməsinə görə, əgər kənddə hələ də polis postları qalırsa, bu onun göstəricisidir ki, orada elə də ciddi işlər görülməyib və vətəndaşların istəkləri tam şəkildə gerçəkləşdirilməyib: "Emalçılara sərt tələblər tətbiq olunmalıdır, çünki qızılı emal edən həmin şirkət özəl şirkətdir. Onlar müqavilə əsasında torpağı icarə götürüblər. Məsələ burasındadır ki, qızılı emal edən o zavodun qarşısında bilavasitə öhdəliklər var ki, utilizasiya prosesində ekoloji fəlakət yarada biləcək hər hansı proses yaşanmasın".
Sizin brauzer HTML5-i dəstəkləmir
Ekspert bildirib ki, zavodlara kimyəvi maddələri tam təmizləyən avadanlıqlar qoyula bilər: "Gölə buraxılan hissədə elə bir təmizləyici qurğular da qoyula bilər ki, suyu tamamilə təmizləsin. Bu boyda narazılıq fonunda dövlət israrlı olacaq ki, həmin bu sistemlər işə düşsün. Əks halda, narazılıqlar durmadan davam edəcək".
Məsələ ilə bağlı, Daxili İşlər Nazirliyi və "Azərbaycan Beynəlxalq Mədən Şirkəti" ilə isə danışmaq mümkün olmayıb.
Xatırlatma
Bu il iyunun 20-də Söyüdlü sakinləri "Gədəbəy" qızıl yatağından çirkab suları üçün ikinci süni gölün qurulmasına ekoloji tələblərlə etiraz ediblər. Polis etirazlara gözyaşardıcı qazlardan istifadə olunmaqla müdaxilə edib, saxlananlar, həbs edilənlər olub (onların dəqiq sayı rəsmi açıqlanmır).
İyulun 11-də prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışarkən polisin davranışını müdafiə edib, kimsənin polisə ləkə vurmasına imkan verməyəcəyini deyib. O, vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb.
Prezident habelə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitlə bağlı məsələdə ən azından səhlənkarlıq etdiyini söyləyib.
Bu çıxışdan iki gün sonra rəsmi olaraq Söyüdlüdə qızıl yatağının istismarının müvəqqəti dayandırıldığı açıqlanıb.