Gəncədə xəstəxanaya kütləvi müraciət olub

Ambulans (Foto arxiv)

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) avqustun 12-si, günorta saatlarında bildiriblər ki, Gəncədə zərərçəkmişlərə operativ tibbi yardım göstərilib və onlar ambulator müalicəyə buraxılıblar: "Hazırda 15 nəfər, o cümlədən üç uşaq xəstəxanadadır".

+++

Avqustun 11-də Gəncə şəhərində xəstəxanaya kütləvi müraciət olub. Müraciət edənlər həyətlərin birində yas mərasimindən sonra səhhətlərinin pisləşdiyini bildiriblər. Həmin şəxslər halva, bozbaş və pomidor-xiyar salatı qəbul etdiklərini deyiblər.

Müraciət edənlər ümumilikdə 100-dən çox olub. Göygöl rayon Mərkəzi Xəstəxanasından onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu qeyd edilib.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə isə, mütəxəssisləri bölgəyə göndəriblər, baş verənlərin səbəbləri araşdırılacaq.

Hələlik, baş verənlərlə bağlı yas mərasiminin sahibi ilə danışmaq mümkün olmayıb.