►“Bundan əvvəlki başçıdan boş vədlərdən başqa heç nə eşitmədik. İndi görək bu təzə neyləyəcək”.
Söhbət Sumqayıtın yeni təyin olunmuş icra başçısından gedir. Ona böyük ümidlər bəsləyənsə 11-ci mikrorayondakı 2 saylı qəzalı binada yaşayan sakin Allahverdi İskəndərlidir.
BİNANIN "QƏDDİ" ƏYİLİB
Deyir, yaşadığı binanın "qəddi" o qədər əyilib ki, az qalır yaxınlıqdakı binanın üstünə düşsün. Azca təkan bəs edə bilər ki, bina sakinlərqarışıq böyrü üstə qalsın.
“Binanın bir tərəfi tamamilə əyilib yerə girib. Zirzəmisi də çöküb. 50-ci illərin binasıdır. İstismar müddətini çoxdan başa vurub. Gəl ki, nə təzələnir, nə də sakinləri köçürülür”.
Sakinin sözlərinə görə, daşdan tikilmiş binanın suvağı çoxdan tökülüb, daşları da bir-bir qopur. Hətta 2 il əvvəl daşlardan biri qoparaq binanın girişində sakinlərin başına düşüb:
“Ondan sonra Fövqəladə Hallar Nazirliyindən gəldilər. Yazdılar, pozdular, dedilər, “bina qəzalıdır, yaşamaq təhlükəlidir”. Dedik, “bəs neyləyək?” Çiyinlərini çəkib getdilər. Ümumiyyətlə, hara üz tuturuqsa, kim gəlirsə, çiynini çəkib gedir”.
Buna da bax: «Cavid Hüseynov təşkilatçıdır»
“ÇATLAR GÜNDƏN-GÜNƏ GENİŞLƏNİR”
Bina altıblokludur. 56 ailə yaşayır. Binanın başqa sakini Xanım Məcidovanın deməsinə görə, birinci mərtəbədən sonuncuyadək pilləkənboyu divarlarda çatlar var.
“Bu çatlar gündən-günə genişlənir, çoxalır. Bu da növbəti faciədən xəbər verir. Prezidentə, Heydər Əliyev Fonduna yazmışıq. Deyirlər, gözləyin. Hara qədər gözləyək? Gözləyirlər, bina çöksün, daşların altında qalaq?”
Bina sakini Ofelya Mansurova deyir, son günlərdə yağan yağışlardan sonra binanın zirzəmisini su basıb. Binada çökmə açıq-aşkar hiss olunduğundan sakinlərin çoxu buranı tərk edib:
“Evimin divarları aralanıb. Mətbəximin döşəməsi də sökülüb. Tavandan su otağa da damır, mətbəxə də. Ona görə də iki azyaşlı uşağımı götürüb çıxmışam ordan. 1 həftədir kirayədə qalıram. Kanalizasiya, su, işıq, qaz xətləri bərbad vəziyyətdədir. Binanın zirzəmisi, damı – hamısı çökür. Deyirlər, təzə başçı belə məsələlərə can yandırandır. Görək necə olur”.
Ailələr 3-5 ildən bir pul toplayıb binaya əl gəzdirirlər. Ancaq bu, kifayət etmir. Deyirlər, bu binanı söküb yerə qoymaq, təzəsini tikmək lazımdır. O qədər qəzalıdır ki, heç təmir-bərpa da kömək etməz.
Buna da bax: Cəmil Həsənlinin siyahısındakılar danışdı
"MÜDDƏTİ ÖTÜB, ANCAQ QƏZALI DEYİL"
Sumqayıt şəhər İcra Hakimiyyətindən bildiriblər ki, Sumqayıtda istismar müddəti ötmüş binaların sayı çox olduğundan onlar növbəli qaydada təmir olunur. Elə 11-ci mikrorayondakı həmin bina da müddəti ötmüş binadır, ancaq qəzalı deyil. Əgər sakinlər həmin binada həyatlarına təhlükə hiss edirlərsə, buna görə Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Dövlət Nəzarəti Agentliyinə rəsmi məktubla müraciət etməlidirlər. Agentlikdəki ekspertiza qurumu binaya baxış keçirib rəy verməlidir, binanın qəzalı olması barədə akt bağlanmalıdır. Hələliksə bina, sadəcə, istismar müddəti ötmüş və təmirə ehtiyacı olan tikili hesab olunur. Oradan adamların köçürülməsinə zərurət yoxdur.
Bina sakini Əliheydər Cabbarlı deyir, əslində binaya baxış keçirən FHN işçiləri binanın qəzalı olduğunu onlara yalnız şifahi şəkildə bildirib gediblər. Onlara bununla bağlı rəsmi rəy yazılıb verilməyib. Ona görə də sakinlər binaya həmin qurum tərəfindən təkrar baxış keçirilməsinə və binanın qəzalı olub-olmaması barədə rəsmi rəy alınmasına çalışacaqlar.