Beynəlxalq Bankda mənimsəməyə görə məhkum olunan Məmməd Cahangirov hazırda "Gilan Holding"də prezidentin müşaviridir. AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, o, həm də ad-soyadını dəyişib.
M.Cahangirov uzun illər Beynəlxalq Bankda işləyib. O, 2001-2011-ci illərdə bankın Nərimanov, 2011-2014-cü illərdə isə Sənaye filialının müdiri işləyib.
2015-ci ildə Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevlə birlikdə cinayət məsuliyyətinə cəlb olunan 7 nəfərdən biri də M.Cahangirov olub. Amma o, həbs olunmamışdı. 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona şərti cəza verilmişdi.
Məmməd Cahangirov ad-soyadını dəyişərək, hazırda Məhəmməd Cahangirzadə olub. O, iyulun 4-də məhkəmədə dindirilərkən həm bunu, həm də "Gilan Holding"də prezidentin müşaviri olduğunu təsdiqləyib.
Amma ad-soyadını dəyişməyinin səbəbini açıqlamaq istəməyib. Nə vaxt dəyişməsinə gəlincə, bunu da deməyib: "Xatırlamıram..."
Bakı Ağır Cinayətlər Məhkəməsinin Beynəlxalq Bankla bağlı 15 oktyabr 2016-cı il tarixli hökmündə bankın vəsaitlərinin mənimsənilməsi, o cümlədən Nərimanov filialından kredit şəklində götürülüb qaytarılmayan vəsaitlərə görə M.Cahangirovun üzərinə 1 milyon 200 min manat ödəmək öhdəliyi qoyulmuşdu.
M.Cahangirov hökmdən apellyasiya şikayəti verib, bəraət istəmişdi. Bakı Apellyasiya Məhkəməsi onun bəraət istəyini təmin etməsə də, 1 milyon 200 manatlıq ödəniş məsələsində hökmə dəyişiklik etdi. Bu məbləğin ödənişilə bağlı öhdəlik də M.Cahangirovun üzərindən götürülüb, C.Hacıyevin üzərinə qoyuldu.
Amma məhkəmədə M.Cahangirov "əvvəllər məhkum olunmusunuzmu?" sualına "yox" cavabı verib.
Xatırlatma
C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. O, 2016-cı il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. C.Hacıyev mənimsəmə və başqa bir sıra cinayətlərdə təqsirli bilinib.
Hazırda gedən «Beynəlxalq Bank işi» üzrə mühakimə olunan 22 nəfərə CM-in 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham irəli sürülüb.
C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib. Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmir.