Gürcüstanın baş naziri Georgi Kvirikashvili Əfqan Muxtarlı ilə bağlı rəsmi bəyanat verdi

Giorgi Kvirikashvili

Gürcüstanın baş naziri Giorgi Kvirikashvili azərbaycanlı jurnalist Əfqan Muxtarlının Gürcüstanda yoxa çıxması və Azərbaycanda peyda olması ilə bağlı iyunun 3-də rəsmi bəyanat verdi.

Bu barədə AzadlıqRadiosunun Gürcüstan xidmətini məlumat yayıb.

Baş nazirin bəyanatında bildirib ki, əgər Əfqan Muxtarlının ailəsi məsələ ilə bağlı rəsmi şəkildə Gürcüstanın ədliyyə nazirliyinə müraciət eləsə o, istisna hal kimi Əfqan Muxtarlının həyat yoldaşı və oğluna hüquq çərçivədə mümkün qədət tez Gürcüstan vətəndaşlığı verilməsi ilə bağlı prezidentə müraciət edəcək.

Bəyanatda qeyd edilir ki, Gürcüstan qanunun aliliyi və insan haqlarını müdafiə edən demokratik və hüquqi dövlətdir.

Buna da bax: "Əfqan Muxtarlı işi Gürcüstanda gündəmdən düşmür".

Xatırlatma

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi. Ə.Muxtarlı, həmçinin, Qarabağ müharibəsinin keçmiş iştirakçısıdır.