Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı qaçaqmalçılıqda ittiham olunur. Rəsmi məlumata görə, Gürcüstandan Azərbaycana qayıdarkən onun üzərindən “bəyan edilməmiş 12 min ABŞ dolları aşkar olunaraq götürülüb”.
Bununla bağlı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Məlumatda o da deyilir ki, Gözəl Bayramlı mayın 24-də Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli nağd pul olmayıb.
Buna da bax: Əli Kərimlinin müavini Gözəl Bayramlı saxlanılıb
Hüquqşünas izahatı
AzadlıqRadiosu hüquqşünas Ələsgər Məmmədlidən məsələyə izah verməsini istəyib. O deyib ki, rəsmi məlumatın nə qədər doğru olub-olmadığı başqa məsələdir, ancaq qanuna görə “10 min dollardan çox vəsait keçilirsə, mütləq bəyan edilməli və rüsum ödənməlidir. Qanunvericilikdə bununla bağlı məhdudiyyət var. Cinayət Məcəlləsində ayrıca göstərilib ki, öhdəlik yarandığı halda pul vəsaiti barədə bəyan etməmək cinayət məsuliyyəti yaradır”.
Hüquqşünasın sözlərinə görə, rəsmi ittiham təsdiqini taparsa, Gözəl Bayramlını 5 ilə qədər həbs cəzası gözləyir.
AXCP sədri: “O pulu Gözəl xanımın çantasına atıblar”
Buna da bax: G.Bayramlı: “ Mtinqdən sonra 13 AXCP üzvü işini itirib”
AXCP sədri Əli Kərimli isə sözügedən vəsaitin müavininin “çantasına hakimiyyət qüvvələrinin atdıqlarını”, bu işin əvvəldən quraşdırıldığını, “danışan dillərdən biri Gözəl Bayramlının susdurulması üçün dövlət səviyyəsində şərləndiyini” söyləyir.
“Gözəl xanımın heç bir suçu yoxdur. Bu pulu onun çantasına atıblar. İkincisi də, başa düşmürəm, lap tutaq ki, çantasında 12 min dollar olub. Bu, nə böyük cinayətdir ki? Necə olur ki, 12 milyard dolları ölkədən çıxaranlar, oğurlayanlar, ofşorlara yatıranlar 12 min dollara görə müxalifətin əsas funksionerlərindən birini mühakimə edirlər?! Bu absurddur! Heç bir tənqidə dözmür”.
Sizin brauzer HTML5-i dəstəkləmir
AXCP sədrinin sözlərinə görə, digər iki müavini Seymur Həzi və Fuad Qəhrəmanlının həbsindən sonra Gözəl Bayramlının üzərinə “partiyada böyük yük düşürdü, o, Milli Şuranın keçirdiyi kütləvi aksiyaların başlıca təşkilatçılarından idi”. Buna görə də sədr ötən ilin sentyabrında keçirilən mitinqdən sonra onun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılaraq “hədələndiyini”, müavininin susdurulması üçün hakimiyyətin “məkrli planlar qurulduğunu” iddia edir.
Buna da bax: G.Bayramlı: 'İnsanları qorxutmaq istəyirlər'
“Amma o, cəsarətli siyasətçidir, mövqeyində dəyişiklik etmədi. Hakimiyyət onu susdurmağın mümkün olmadığını görüb cinayətə əl atdı”, – Əli Kərimli əlavə edir.
“Gözəl xanıma qarşı tamaşa quruldu”
Mayın 4-də hakimiyyətə yaxınlığı ilə seçilən saytlardan birində Gürcüstanda fəaliyyət göstərən və ya bu ölkəyə gedən siyasi fəallar, jurnalistlərlə bağlı bir yazı dərc olunmuşdu. Həmin yazıda Gözəl Bayramlıdan da söz açılırdı.
Köşə yazarı Şahvələd Çobanoğlu da bu yazını yada salır: “Həmin yazıda adı xatırlananlardan biri - tanınmış həkim, Gürcüstanda öz klinikasını yaradan Fərman Ceyranlı həbs edildi, Daşqın Ağalarovun ölkədən çıxarılması haqda məhkəmə qərarı verildi. İndi də Gözəl xanıma qarşı bu cür tamaşa quruldu. Mən bunu tamaşa kimi qiymətləndirirəm”.
Sizin brauzer HTML5-i dəstəkləmir
Şahvələd Çobanoğlu bir məqamı da vurğulayır, o, uzun müddətdir müalicə alan, əməliyyatdan çıxan Gözəl Bayramlının “borc içində yaşadığının”, sadəcə, yaxın çevrəsinə bəlli olduğunu deyir.
Buna da bax: Əli Kərimli: 'Bu işdə biz zərərçəkənik'
Əli Kərimlisə həmin yazıdan bugünlərdə xəbər tutduğunu və həmin həbsin “sifarişinin bir ay əvvəldən verildiyini” bildirir.
Deputat: “Rəsmi məlumatı şübhə altına almağa əsas görmürəm”
Deputat Zahid Oruc Gözəl Bayramlının hər zaman hakimiyyəti sərt tənqid etdiyini və indiyədək onun “susdurulması üçün qanunsuz addımların qeydə alınmadığını”, əksinə, indiyədək onun AXCP sədrinin müavinin seçkilərdə, kütləvi aksiyalarda öndə olduğunu qeyd edir.
Deputat Dövlət Sərhəd Xidmətinin xanım Bayramlı haqda məlumatını şübhə altına almağa əsas görmür. O, rəsmi-hüquqi qərarları gözləməyi, məsələni siyasiləşdirməməyi tövsiyə edir.
Buna da bax: Gözəl Bayramlı 5 saatdan çox prokurorluqda dindirilib [yenilənib]
Zahid Oruc da Gürcüstanda müxalifətçilərin, siyasi fəalların “fəallaşmasına” diqqət çəkir. O hesab edir ki, donor mənbələrinin şəffaflaşdırılması yönündə atılan addımlardan sonra bir sıra beynəlxalq qurumlar Azərbaycanla əməkdaşlıqdan vaz keçib Gürcüstanda mərkəzləşdilər:
Sizin brauzer HTML5-i dəstəkləmir
“Görünən budur ki, hakimiyyət əleyhinə plastdarm Tbilisi çevrəsində qərarlaşdı, narazıların düşərgəsi orda yarandı. Bir çoxları da 100 il əvvələ baş vurub o vaxtlar demokratikləşmə və müstəqillik hərəkatı Tbilisidən qaynaqlanmışdı deyib bu prosesə can atdılar. Gözəl Bayramlı ilə bağlı məhkəmə qərarı olmadan bu haqda danışmağım doğru olmazdı. Amma ümumən Gürcüstanla Azərbaycan arasında yol alıb gedən prosesdən bəzi insanların siyasi mənafeləri üçün istifadə etdiyi bəllidir. Bu danılmazdır”.
Şahvələd Çobanoğlu yaxın zamanlarda Gürcüstanda yaşayan bir sıra fəalların rəsmi Bakının basqısı ilə təqib və təzyiqlərlə üzləşəcəyini ehtimal edir.
Buna da bax: G.Bayramlı: 'Siyavuş Novruzovun ittihamları gülüncdür'
“Nadir qadın siyasətçilərdəndir”
Məsələyə sosial şəbəkələrdə də münasibət bildirilir. Siyasi fəal Anar Məmmədli yazır ki, Gözəl Bayramlı müstəqillik illərində yetişən “nadir xanım siyasətçilərdəndir”. “Gözəl xanım kimi siyasətçilər bizim kimi mühafizəkar ölkələrdə qadınların ictimai-siyasi fəaliyyətə həvəslənməsi, ölkənin ictimai həyatında qadınların iştirakının artması və demokratikləşmə prosesinə qadınların cəlb olunmasına ciddi töhfə verirlər. Belə bir insanın azadlıqdan məhrum edilməsi təkcə bir partiyaya və ya müxalif düşərgəyə deyil, demokratikləşmə və çağdaşlaşma prosesinə zərbədir”, – Məmmədli hesab edir.