Vladimir Putinin Ukraynaya hərbi müdaxiləsi Avropanı misli görünməmiş nüvə təhlükəsi ilə üz-üzə qoyur. İkraynada 15 nüvə reaktoru mövcuddur. Avropanın ən iri nüvə elektrik stansiyası da bu ölkədə yerləşir. Bu reaktorların zədələnməsi Avropa qitəsinin böyük ərazilərini, o cümlədən Rusiyanın xeyli hissəsini on illərlə yaşanmaz hala sala bilər. “Greenpeace” təşkilatının son təhlilində belə deyilir.
Rusiya qoşunları təxminən ilyarım əvvələ qədər Ukraynanın elektrik enerjisinin 19%-ni istehsal edən Zaporijjia stansiyasının cəmi bir neçə kilometrlik məsafəsindədir. Bu stansiyada altı reaktor və içərisində yüzlərlə ton son dərəcə radioaktiv nüvə yanacağı ilə dolu olan altı soyutma hovuzu var. Reaktorlardan üçü hazırda işlək vəziyyətdədir. Digər üçü isə müharibənin başlanmasından bəri dayandırılıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
“Greenpeace International” Ukraynada müharibənin başlanmasından bəri ölkə boyu nüvə obyektlərinə təsirləri yaxından monitorinq edir. Təşkilat martın 2-də ölkənin cənubunda yerləşən Zaporijjia nüvə elektrik stansiyasının üzləşdiyi böyük risklərlə bağlı texniki təhlil hesabatı dərc edib.
“Greenpeace International”ın mütəxəssislərinin birgə araşdırması göstərir ki, Zaporijjianın təhlükəsizliyi ciddi təhdid altındadır. Ən pis halda reaktor və soyutma sistemləri partladıla, radioaktivlik atmosferə yayıla, 2011-ci ilin Fukuşima fəlakətindən xeyli daha dəhşətli faciə meydana gələ bilər. Hətta stansiya birbaşa zərbəyə məruz qalmasa belə, reaktorlar soyutma sistemlərinin fəaliyyəti üçün elektrik şəbəkəsindən, texniki heyətdən, ağır avadanlıq və logistikadan çox asılıdır.
“Tarixdə ilk dəfədir ki, ərazisində çox sayda nüvə reaktorları və minlərlə ton son dərəcə radioaktiv yanacaq olan bir ölkənin ərazisində böyük müharibə başladılıb. Cənubi Ukraynada, Zaporijjia ətrafında müharibə bu reaktorları ciddi qəza riski qarşısında qoyur. Bu müharibə davam etdiyi müddətdə Ukraynanın nüvə stansiyaları üzərindəki təhlükə qalmaqda davam edəcək. Bu Putinin ğzünün Ukraynaya qarşı müharibəsini dərhal dayandırması üçün çoxsaylı səbəblərdən biridir”, - risk təhlili hesabatının müəlliflərindən biri olan Jan Vand Pütt deyir.
Buna da bax: İşğalın 11-cu günü -1,3 milyon qaçqın və Rusiyada baş qaldıran etirazlar“Təsadüfi bombalama və ələlxüsus qəsdən edilmiş hücum halında yaran biləcək nəticələr faciəvi, 2011-ci il Fukuşima fəlakətindən qat-qat pis ola bilər. Nüvə elektrik stansiyalarının həssaslığı, onların mürəkkəb dayaq sistemlərindən asılılığı, qısa zamanda passiv hala gətirilməsinin mümkün olmaması səbəbindən riski azaltmağın yeganə yolu müharibəni dayandırmaqdır”, deyə qurum öz saytında bildirir.
Qeyd edilir ki, nüvə elektrik stansiyasının komponentlərinin vurularaq zədələnməsi nəticəsində yaranan yüksək radiasiya səviyyəsi stansiyaya girişi qeyri-mümkün edə bilər. Bu isə öz növbəsində digər reaktorlar və soyutma hovuzlarının kaskadvari zədələnməsinə səbəb ola bilər. Onların hər biri bir neçə həftə ərzində müxtəlif istiqmətlərdən əsən küləklər vasitəsilə geniş əraziyə külli miqdarda radioaktiv maddə yaya bilər.
Buna da bax: Rusiya deputatı itkilər barədə: ‘100 nəfərlik rotadan 4-ü sağ çıxıb’“Greenpeace” daha sonra “Ukrayna, o cümlədən Çernobıldakı nüvə elektrik stansiyalarında çalışan bütün əməkdaşlara dərin hörmət və təşəkkürünü ifadə etmək istədiyini” bildirir, bu insanların “nüvə elektrik stansiyalarının sabitliyini qoruyub saxlamaq üçün ekstremal şərtlər altında çalışdığını” vurğulayır. “Onlar təkcə öz ölkələrinin deyil, Avropanın böyük hissəsinin təhlükəsizliyinin keşiyindədirlər”, - deyə təşkilat bildirir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) İdarəçilər Heyəti çərşənbə axşamı, martın 2-də Ukraynadakı nüvə böhranını müzakirə etmək üçün toplanıb.
Buna da bax: BMT İnsan Haqları Şurası Rusiyaya qarşı qətnamə qəbul edib (Video)