'Muxtarlının oğurlanması'na Gürcüstan rəsmilərinin reaksiyaları

Gürcüstan daxili işlər naziri Giorgi Mgebrishvili

“Azərbaycan heç vaxt Gürcüstanda yaşayan milliyyətcə azərbaycanlı olan və rəsmi Bakının siyasi baxışlarına ortaq olmayan insanların onlara təhvil verilməsi xahişi ilə bizə müraciət etməyib”.

Bunu Tbilisidə keçirilən brifinqdə Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili bildirib.

"Öz növbəsində, Gürcüstan Muxtarlının oğurlanmasının hal və şərtlərinin müəyyən edilməsində maraqlıdır", - deyən nazir əlavə edib ki, Azərbaycan tərəfi Muxtarlının sərhəddə saxlanıldığını deyib.

Buna da bax:​ Əfqan Muxtarlı ilə bağlı rəsmi açıqlama yayılıb

Daha sonra o, bir daha bildirib ki, sərhəddə buraxılış məntəqələrindən başqa "yaşıl xətlər" var. "Sərhəd nəzarətindən yayınmaqla sərhədi keçmək çətindir, amma belə bir imkan var", - nazir Gürcüstan sərhədçilərinin Muxtarlını necə buraxa bildiyi haqqında suala cavabda belə deyib.

"KİV-də Əfqan Muxtarlının əvvəlcədən sərhədi nəzarətdən yayınaraq keçməyin sxemini hazırladığı və onun müntəzəm olaraq Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə bəyan edilməyən xarici valyuta keçirdiyi haqqında məlumatlar yayılıb. Bu mərhələdə biz qeyd edilən halları nə təsdiq, nə də təkzib edəcəyik", deyən nazir bu məlumatın mənbəyini açıqlamayıb.

Buna da bax:​ Gürcüstan müxalifəti Əfqan Muxtarlıya görə güc qurumları rəhbərlərinin istefasını tələb edir

Nazir Muxtarlının yoxa çıxdığı yerdə müşahidə videokameralarından alınan materialların nə göstərdiyi haqqında suala cavabdan yayınıb.

"Biz bütün istintaq tədbirləri haqqında sizə danışa bilmərik, istintaqın yekunlaşmasını gözləmək lazımdır", - deyə Mqebrişvili bildirib.

* * *

Gürcüstanın baş naziri gözləməyi lazım bilir

Gürcüstanın baş naziri Giorgi Kvirikashvili bu gün, iyunun 1-i ictimaiyyəti jurnalist Əfqan Muxtarlının həbsi ilə bağlı vaxtından əvvəl nəticələr çıxarmaqdan çəkinməyə çağırıb.

Giorgi Kvirikashvili. Tbilisi, 23May2017

Baş nazir hökumətin iyunun 1-də keçirilən iclasında hər kəsi diqqətli olmağa dəvət edib.

Buna da bax: Avropa komissarı Azərbaycan jurnalistinə görə “dəhşətə gəlib”

"Dövlət təhlükəsizliyinin təminatı üzrə fəaliyyət göstərən institutların gözdən salınması yolverilməzdir. Daxili işlər naziri bəyanat verib, bizim azərbaycanlı həmkarlarımız ilə əlaqələrimiz var. Mən istintaq başa çatana qədər vaxtından əvvəl nəticələr çıxarmaqdan çəkinməyə çağırıram. Əgər, dövlət institutlarına etimadın azalmasına xidmət edəcəyiksə o zaman ölkənin təhlükəsizliyini real olaraq müdafiə etmək çox çətin olacaq", – deyə bildirib.

O, Gürcüstan xüsusi xidmətinin jurnalistin oğurlanmasına bağlılığını istisna edib:

"Mən hüquq-mühafizə orqanlarını ən qısa zamanda bu məsələnin araşdırılması üçün mümkün olan hər şeyi etməyə səsləyirəm. Bizim ölkədə insan hüquqlarının müdafiəsilə bağlı heç kimdə şübhə olmasın. Bu, yolverilməzdir. Mən, əlbəttə, dövlət qurumlarının bu cür hadisəyə cəlb olunmasını istisna edirəm. İstintaq gedir, nəticələri gözləyəcəyik".

Buna da bax:​ Əfqan Muxtarlı: “Mənim həbsim Azərbaycan hakimiyyətinin sifarişidir”

Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili də bu məsələdə iştiraklarını istisna etmişdi:

“Azərbaycan heç vaxt Gürcüstanda yaşayan milliyyətcə azərbaycanlı olan və rəsmi Bakının siyasi baxışlarına ortaq olmayan insanların onlara təhvil verilməsi xahişi ilə bizə müraciət etməyib”, – deyə o vurğulamışdı.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Buna da bax:​ Əfqan Muxtarlıya görə Gürcüstanda nazirliyi fitə basdılar

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi. Ə.Muxtarlı, həmçinin, Qarabağ müharibəsinin keçmiş iştirakçısıdır.