Gürcüstan vətəndaşları oktyabrın 26-da parlament seçkilərinə qatılmaq üçün səsvermə məntəqələrinə üz tutacaqlar. AzadlıqRadiosunun jurnalisti Coşua Kuçera seçkilərə qatılacaq bütün tərəflərin baxışlarına dayanaraq yazır ki, bu səsvermə ölkənin indən belə hansı yolu seçəcəyini müəyyənləşdirəcək.
Səsvermə öncəsi yüksək gərginlik hökm sürür. Güvənli sorğular olmasa, səsvermə mübahisəli sonuclar doğura bilər.
2012-ci ildən hakimiyyətdə olan "Gürcü arzusu" seçkiləri sülh və savaş arasında seçim adlandırıb. İqtidar partiyasının fikrincə, müxalifət hakimiyyətə gələrsə, bu, Gürcüstanı Rusiyaya ilə daha bir müharibəyə sürükləyəcək.
Demokratiyada geriləmə
Müxalifətin gözündə bu seçkinin sonucları Qərblə Rusiya, demokratiya ilə avtoritarlıq arasında seçim deməkdir. ABŞ və Avropa rəsmiləri də bu fikirləri öz çıxışlarında təkrarlayıb.
"Həqiqət anı olacaq bu səsvermədə gürcüstanlılar hansı yolu seçdiklərinə - Avropaya yaxınlaşmağa və ya ondan uzaqlaşmağa qərar verməlidirlər", - Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel belə deyib.
Seçkilər dövrü hətta Gürcüstan siyasi standartları baxımından da qeyri-adi və gur zamana təsadüf edir. Get-gedə antiqərb ritorikasına üstünlük verən "Gürcü arzusu" mübahisəli qanunlar qəbul edib və bunu ölkədəki xarici təsirlərə dirəniş kimi əsaslandırıb. Söhbət "LGBT təbliğatı"nın yasaqlanmasını və xaricdən maliyyələşən QHT və media qurumlarının "xarici agent" kimi qeydiyyatdan keçməsini tələb edən qanunlardan gedir. Sonuncunun qüvvəyə minməsi yazda böyük etirazlara yol acıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Parçalanmış müxalifət
Seçkilər yeni elektoral sistem üzrə keçiriləcək. Parlamentə düşmək istəyən siyasi qüvvələr 5 faizlik həddi aşmalıdır. Bu, Gürcüstanın çoxsaylı və parçalanmış müxalifət partiyalarını bəlli dərəcədə əməkdaşlığa, həmin həddi adlaya biləcək koalisiyalar yaratmağa sövq edib. Nəticədə dörd müxalifət qüvvəsi formalaşıb:
- İndi həbsdə olan sabiq prezident Mixeil Saakaşvilinin rəhbəri olduğu keçmiş hakim "Vahid Milli Hərəkat" partiyasının (ENP) başçılıq etdiyi "Gürcüstanın xilası üçün Birlik";
- Bir vaxtlar ENP ilə bağlantılı şəxslərdən oluşan "Dəyişiklik naminə Koalisiya";
- Eyni zamanda ENP-ə və "Gürcü arzusu"na bənzəməyə çalışan eklektik ideolojı baxışlı "Güclü Gürcüstan koalisiyası";
- 2019-2021 illərdə "Gürcü arzusu" hökumətinin baş naziri olmuş və sonradan onunla yollarını ayırmış Giorgi Qaxariyanın "Gürcüstan naminə" partiyası.
Bu dörd siyasi qüvvə seçkiöncəsi vədlərində bəlli fərqliliklər göstərsə də, "Gürcü arzusu" partiyasını hakimiyyətdən uzaqlaşdırmaq məqsədi onları birləşdirir. Sözügedən siyasi qurumların dördü də prezident Salome Zurabişvilinin təklif etdiyi "Gürcüstan xartiyası"nı imzalayıb. Müxalifət qələbə çalarsa, tərəflər Qərblə yaxşı əlaqələri bərpa etmək və "Gürcü arzusu"nun ən avtoritar qanunlarını geri çağırmaqdan ötrü xanım Zurabişvilinin texnokrat hökumət formalaşdırmasına razılıq verəcəklər.
Müstəqil namizəd kimi 2018-ci ildə seçilən və o vaxt "Gürcü arzusu"nun dəstəklədiyi Zurabişvilinin prezidentlik dönəmi bu ilin sonunda başa çatır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Hakim partiyanın hansı üstünlüyü var?
Hakim partiyanın, ənənəvi olaraq, elektoral üstünlüyü var. Hökumət işçiləri və ailələri, təbii ki, iqtidardakı partiyaya səs verir. Qərb müşahidəçiləri ölkədəki əvvəlki seçkiləri tam olmasa da, legitim sayıb. Ancaq "Gürcü arzusu"nun avtoritarlığa meyli və özəlliklə seçkiləri monitorinq edəcək qruplara "xarici agent" damğası vurması onun budəfəki seçkiləri daha çox, həm də açıq-aşkar saxtalaşdıracağına ciddi şübhələr doğurur.
Məsələn, "Gürcü arzusu"nun liderləri bəyan ediblər ki, məqsədləri seçici səslərinin çoxu deyil, konstitusiya çoxluğunu - parlamentdə 150 yerdən 113-nü qazanmaqdır. Bu, onlara daha yekdil idarə imkanı verəcək. Onlar belə çoxluqla antiLGBT qanununu sərtləşdirəcəklərinə və əsas müxalifət partiyalarını yasaqlayacaqlarına söz veriblər. Hakim qüvvənin fikrincə, müxalifət partiyaları 2008-ci ildə Rusiyaya qarşı müharibəni təhrik etməkdə və ölkəni yeni müharibəyə sürükləməkdə məsuliyyət daşıyır.
Sonuclar bilinmədiyindən Gürcüstan cəmiyyətinin böyük bölümü seçkilərdən sonra baş verə biləcək iğtişaşlardan narahatdır. Gürcüstan öz tarixində ilk dəfə yeni elektron səssayma sistemindən yararlanacaq. Qalib qüvvənin səsvermə günü axşam saat 8-dən - məntəqələr bağlanandan bir-iki saat sonra bilinəcəyi gözlənilir.