"Tbilisi yenidən Yerevan və Bakı arasında vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır". Bunu Gürcüstanın Xarici İşlər naziri İlya Darçiaşvili bu gün, iyunun 16-da parlamentdə çıxışı zamanı deyib.
"Sülhsevər Qonşuluq Təşəbbüsünün bir hissəsi kimi, Gürcüstan iki qonşu ölkə arasında konstruktiv dialoqa başlamaq üçün əvvəllər addımlar atıb. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməyə hazır olduğumuzu bildiririk", – Darçiaşvili vurğulayıb.
O, əlavə belə bir inamını ifadə edib: "Gürcüstanın regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində səyləri səmərəli olacaq və biz bu işə mühüm töhfə verməyə hazırıq".
2020-ci ildə 44 günlük müharibədən sonra Gürcüstan Yerevanla Bakı arasında dialoqa başlamaq üçün iki cəhd edib. 2021-ci ildə Azərbaycanda saxlanılan 15 Ermənistan hərbi qulluqçusu işğaldan azad olunan ərazilərlə bağlı minalanmış xəritələr əvəzində Tbilisinin vasitəçiliyi ilə azad edilib. Ötən ilin iyulunda Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü də keçirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
İki ölkə arasında sülh danışıqları indi, əsasən, Rusiya və Avropa İttıfaqının vasitəçilikləri ilə aparılır.