Gürcüstan məhkəməsi 14 məntəqədə səsvermə nəticələrinin ləğvi ilə bağlı müraciəti rədd edib

Seçkilərin nəticələrini tanımaqdan imtina edən gürcü müxalifəti etiraz aksiyaları keçirir.

Noyabrın 6-da Gürcüstanın Qori şəhər Məhkəməsi bir sıra seçki məntəqəsindəki nəticələrin ləğvi ilə bağlı şikayəti rədd edib.

Müşahidəçilərdən ibarət "Səsim" koalisiyası 1131 seçki məntəqəsində 900-dən çox qanun pozuntusunun baş verdiyini bildirib.

Qori şəhər Məhkəməsinə müraciət edən müşahidəçilər 14 seçki məntəqəsində səsvermə nəticələrinin ləğv edilməsini istəyiblər.

Hakim Nino Qoqaşvili beşsaatlıq dinləmələrdən sonra bu şikayəti rədd edib.

Tetritskaroda isə hakim Vladimir Kuçua "Gənc Hüquqşünaslar Assosiasiyası" vətəndaş qrupunun təqdim etdiyi sübutlar əsasında 30 seçki məntəqəsindəki nəticələrin ləğvinə qərar verib.

Mərkəzi Seçki Komissiyası (MSK) qərarı əsassız sayaraq etirazını bildirib. Bununla razılaşmayan müxalifət MSK-nın qərarını Apellyasiya Məhkəməsinə daşıyıb.

Müxalif qruplar Kuçuanı hakim partiyaya qarşı çıxan "nadir, cəsarətli hakim" kimi alqışlayaraq yeni seçkilərin keçirilməsini hədəfləyən nümayişləri sürdürəcəyini açıqlayıb.

"Yaxın gün və həftələrdə bizim vəzifəmiz Tbilisini insanlarla doldurmaqdır. Bütün əsas meydan, küçə və prospektlər insanlarla dolu olmalıdır", - "Dəyişiklik uğrunda Koalisiya"nın liderlərindən Nika Meliya belə deyib.

Apellyasiya Məhkəməsi hər iki şəhərdə - Qori və Tetritskaroda seçki günü qanun pozuntuları barədə məhkəmə qərarlarından şikayətlərə baxacaq.

Xatırlatma

Rəsmi bilgilərə görə, hakim "Gürcü arzusu" seçkidə səslərin 54 faizini toplayıb. Müxalifətin iki exit-poll-u hakim partiyanın 42 faiz səs yığdığını bildirib. Həmin sorğularda dörd müxalif partiyanın, açıq-aşkar, səs çoxluğu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.

ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun birgə bəyanatında deyilir ki, "bərabər olmayan rəqabət ortamı, basqı və gərginlik seçkilərə kölgə salıb". Seçki günü səslərin satın alınmasına, eyni şəxsin təkrar bülleten atmasına, fiziki zorakılıq və hədə-qorxu hallarına rast gəlindiyinə də diqqət çəkilib.