Sentyabrın 10-da hakim "Gürcü Arzusu" partiyası milyarder və keçmiş baş nazir Bidzina İvanişvilini oktyabrın 26-na təyin olunmuş parlament seçkilərində əsas namizədi seçib.
Baş nazir, İvanişvilinin müttəfiqi İrakli Kobaxidze partiyanın ikinci, "Gürcü Arzusu"nun sədri, keçmiş baş nazir İrakli Qaribaşvili isə üçüncü namizəd olub.
Siyahıdakı ilk onluğa Olimpiya atleti Laşa Talaxadze, sərbəst güləşçi Geno Petriaşvili də daxildir.
2012-2013-cü illərdə baş nazir olmuş İvanişvili dekabrdan bəri "Gürcü Arzusu"nun fəxri sədridir. O, "xarici agentlər" qanunu ətrafında yaranmış siyasi böhranda böyük rol oynayıb. Böyük etirazlara baxmayaraq, ilin əvvəlində hökumət bu qanunu irəli sürüb.
Apreldəki çıxışında İvanişvili Qərbi sərt tənqid edərək deyib ki, "xarici agent" qanunu Gürcüstanın suverenliyini, onu Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərindən qorumaq üçün vacibdir. O, həmin səylərin "qlobal müharibə partiyası" tərəfindən göstərildiyini iddia edib.
Qərbin reaksiyası
ABŞ və digər Qərb ölkələri qanunla bağlı narahatlıq bildiriblər. Qanuna görə, maliyyəsinin azı 20 faizini xaricdən alan təşkilatlar "xarici təsir agentləri" kimi qeydiyyatdan keçməlidirlər.
On minlərlə gürcüstanlı bu qanun layihəsinə etiraz edib. Etirazlar amansızlıqla yatırdılıb, etirazçılara qarşı zorakı tədbirlər görülüb. Tənqidçilər bu qanun layihəsinə "Rusiya qanunu" adını veriblər. Rusiyada 10 ildir mövcud olan oxşar qanunvericilik müstəqil media, ictimai narazılığa sərt divan tutulmasında istifadə edilib.
Avropa İttifaqı bu qanunun qüvvəyə minməsinə cavab olaraq Tbilisi ilə üzvlük danışıqlarına fasilə verib. Birləşmiş Ştatlar Gürcüstanla münasibətləri hərtərəfli nəzərdən keçirməyə başlayıb.
Gürcüstan prezidenti Salome Zurabişvili ötən ay imzaladığı fərmanla oktyabrı 26-na parlament seçkiləri təyin edib. O, seçkiləri "Rusiyanın nökəri olmaqla Avropa ilə əməkdaşlıq arasında seçim" adlandırıb.
Rəy sorğularına görə, "Gürcü Arzusu" seçkiöncəsi ölkədə ən populyar partiyadır.