Gürcüstan müxalifəti gündəlik etiraz aksiyalarına başladığını elan edib

Tbilisidə etiraz aksiyası

Bu gündən Gürcüstan müxalifətinin aksiyaları gündəlik olacaq. Bunu "Dəyişikliklər uğrunda Koalisiya"nın liderlərindən biri Nika Meliya Gürcüstan parlamentinin binası qarşısında keçirilən mitinqdə deyib.

Onun sözlərinə görə, onlar "rejimi devirəcək bir güclü etiraz hərəkatı" yaratmaq niyyətindədirlər. Sabah, noyabrın 5-də aksiya iştirakçıları Tbilisi İdman Sarayında toplaşacaqlar.

"Hər gün küçədə olacağıq. Heç kim buraya [parlamentə] girə bilməyəcək qədər çox olmalıyıq, ancaq yalnız Rustavelidə dayanmaq kifayət deyil, biz bütün prospektlərdə dayanmalıyıq", - Meliya deyib.

Ehtimallara görə, müxalifət şəhərin əsas nəqliyyat arteriyalarını bağlamağı planlaşdırır. Bu gün müxalifətçilər xəbərdarlıq aksiyası keçiriblər. Onlar Tbilisinin mərkəzindəki Barataşvili körpüsündə nəqliyyatın hərəkətini dayandırıblar, daha sonra Marcanişvili meydanına doğru yürüş ediblər.

Etirazçılara Tbilisiyə gələn isveçli ekofəal Qreta Tunberq dəstək verib. O, Gürcüstan parlamentinin binası qarşısındakı aksiyaya qoşulub.

28 oktyabr

"Alternativimiz yoxdur"

Tbilisidə hakim "Gürcü arzusu" partiyasının parlament seçkilərindəki qələbəsini tanımayan müxalifət tərəfdarlarının mitinqi keçirilib. "Paper Kartuli" Telegram kanalının məlumatına görə, etirazçılar parlament binasının qarşısına toplaşaraq Rustaveli prospektini bağlayıblar.

Bundan əvvəl parlamentə keçən dörd müxalifət partiyasının hamısı "Gürcü arzusu"nun 54 faizə yaxın səs toplayaraq qalib gəldiyi seçkilərin nəticələrini tanımaqdan imtina edib. Bir çox müxalif siyasətçilərin fikrincə, nəticələr saxtalaşdırılıb. Gürcüstan prezidenti Salome Zurabişvili də səsvermənin nəticələrini tanımadığını bildirib.

Zurabişvili mitinqdə toplaşanlar qarşısında çıxış edib. O, Qərb liderləri ilə danışdığını və onların da seçkilərin qeyri-legitim olması ilə razılaşdıqlarını söyləyib. "Biz sizin konstitusion səsvermə hüququnuzu qorumaq üçün mübarizə aparacağıq. İndi bədbinlik vaxtı deyil, indi vacib olanı sakit və başımızı qaldıraraq səslərimizi qorumaqdır", - Gürcüstan prezidenti bildirib.

"And içə bilərəm ki, bu Avropa yolunun sonuna qədər və biz Avropanın qapılarına çatana qədər sizinlə olacağam. Bu, təkcə arzumuz deyil, reallıq və gələcəkdir, bizim alternativimiz yoxdur",- o, sözlərinə əlavə edib.

Müxalifət nümayəndələri təkrar seçkilərin keçirilməsini tələb ediblər. "Birlik-Milli Hərəkat" partiyasının liderlərindən biri Giorgi Vaşadze hesab edir ki, seçkilər beynəlxalq müşahidəçilərin nəzarəti altında keçirilməlidir.

Rusiyanın dövlət xəbər agentlikləri - TASS və "RİA Novosti" yazır ki, guya, "kütləvi etirazlar zamanı təxribatların təşkili üçün Ukraynada təlim keçmiş snayperlər" Tbilisiyə gəliblər. Lakin Gürcüstan və beynəlxalq medianın hadisə yerindən verdiyi məlumata görə, mitinqdə vəziyyət kifayət qədər sakit olub, qarşıdurma və həbslər qeydə alınmayıb.

Yerli vaxtla saat 21:30 radələrində mitinqin başa çatdığı elan edilib, sonda Gürcüstan və Avropa İttifaqının himnləri səsləndirilib.

"Mapchecking" xidmətinin hesablamalarına görə, aksiyada 15 minədək insan iştirak edib.