Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Antoni Blinken "xarici agentlər qanunu"na görə Gürcüstana viza məhdudiyyətlərinin tətbiqi ilə bağlı yeni siyasət elan edib.
"Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyanlar üçün, o cümlədən "Gürcü Arzusu"nun təklif etdiyi "xarici təsir haqqında" qanunla bağlı yeni viza məhdudiyyətləri siyasətini elan edirəm", - o, X sosial şəbəkəsində yazıb.
"2024-cü ilin oktyabrında Gürcüstanda keçiriləcək seçkilər ərəfəsində, seçkilərdə, ondan sonra da daxil olmaqla, demokratik prosesləri, institutları sarsıdan hər kəs bu siyasətə əsasən ABŞ vizalarına uyğun sayılmaya və Birləşmiş Ştatlara girişi qadağan edilə bilər. Bu şəxslərin yaxın ailə üzvləri də bu məhdudiyyətlərə məruz qala bilərlər", - Blinken izah edib.
O, həmçinin ABŞ və Gürcüstan arasında əməkdaşlığa "hərtərəfli" yenidən baxıldığını bildirib. Vaşinqton indi Tbilisinin hərəkətlərini nəzərə alacaq.
Buna da bax: Gürcüstanın baş naziri Avropa İttifaqı rəsmisi tərəfindən hədələndiyini deyir15 may 2024
Aİ Gürcüstanın üzvlük ərizəsini dondura bilər
Avropa İttifaqı Gürcüstanın bloka üzvlük ərizəsini dondurmaq niyyətindədir. Bu barədə son günlər Gürcüstan və Aİ rəsmiləri arasında aparılan müzakirələrdən xəbərdar olan mənbəyə istinadən "The Financial Times" yazır.
Belə bir qərar xaricdən maliyyə alan təşkilatların "xarici agent" kimi qeydiyyatdan keçməsini tələb edən mübahisəli qanun layihəsinin qəbulu ilə izah olunur.
Gürcüstanın qanunverici orqanı kütləvi etirazlara və bu təşəbbüsün ölkənin Avro-Atlantik istəklərini təhlükə altına salması barədə Qərbin xəbərdarlıqlarına məhəl qoymadan həmin qanun layihəsini dünən, mayın 14-də səs çoxluğu ilə qəbul edib.
Vaşinqton Gürcüstanla münasibətlərə 'əsaslı şəkildə' yenidən baxa bilər
"Xarici agentlər" haqqında qanunun qəbulu qətiləşərsə, Vaşinqton Gürcüstanla münasibətlərə "əsaslı şəkildə" yenidən baxa bilər. Bunu Ağ evin mətbuat katibi Karin Jan-Pyer bəyan edib.
"Gürcü xalqı bu qanunla bağlı öz fikrini küçələrdə etiraz aksiyası keçirərək bildirdi. Bu həftəsonu Gürcüstan tarixindəki ən böyük etirazların bəzilərini gördük. On minlərlə dinc etirazçı hədə-qorxu taktikasından qorxmayaraq öz hökumətlərini bu qanuna qarşı çıxmağa çağırıblar, çünki onlar Avro-Atlantik gələcək istəyirlər. Görək parlament nə edir, lakin bu qanun qəbul olunarsa, bizi Gürcüstanla münasibətlərimizə əsaslı şəkildə yenidən baxmağa məcbur edəcək", - Ağ evin mətbuat katibi bildirib.
Gürcüstan parlamenti qalmaqallı qanunu qəbul etdi
Gürcüstan parlamenti tənqidçilərin Rusiyanın "xarici agentlər" barədə repressiv qanununun analoqu adlandırdıqları "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü, sonuncu oxunuşda qəbul edib.
Sənədin lehinə 150 deputatdan 84-ü – qanun layihəsinin təşəbbüskarı olan "Gürcü arzusu"nun nümayəndələri və onların müttəfiqləri səs verib. 30 deputat əleyhinə səs verib. Qərardan əvvəl gedən müzakirə zamanı deputatlar dalaşıblar, əlbəyaxa davaya keçiblər.
Gürcüstan prezidenti Salome Zurabişvili bundan əvvəl qanun layihəsi parlamentdə qəbul olunacağı təqdirdə ona veto qoyacağını vəd edib. Bununla belə, "Gürcü arzusu" prezidentin vetosunu aşmaq üçün kifayət qədər səsə malikdir. Bundan sonra da prezident qanunu imzalamazsa, onu parlamentin sədri imzalaya bilər və dərc olunar.
Qanun imzalanarsa, təşkilatlar və vətəndaş qrupları maliyyələrinin 20 faizindən çoxunu xaricdən alırlarsa, "xarici agent" kimi qeydiyyatdan keçmələri tələb ediləcək. Layihənin təşəbbüskarları bildirirlər ki, bu qanun Gürcüstanı etiraz aksiyalarının, radikal partiyaların və təbliğat mediasının xaricdən maliyyələşdirilməsindən qorumaq üçün lazımdır. Qanunun pozulması ağır cərimə ilə nəticələnəcək. Müəlliflər bildirirlər ki, onlar Rusiyanın deyil, Amerika qanunvericiliyinin normalarını götürüblər.
Müxalifət, xüsusən də həbsdə olan Mixeil Saakaşvilinin Vahid Milli Hərəkatının tərəfdarları hesab edirlər ki, bu sənəd vətəndaş cəmiyyətinə qarşı repressiyaları qanuniləşdirəcək, Gürcüstanın Qərbdən üz döndərməsinə və "Rusiyanın zəbtinə" gətirib çıxaracaq.
Dekabrda Gürcüstana Avropa blokuna namizəd ölkə statusu verən Avropa İttifaqı (Aİ) bu qanunun qəbulunun onun dəyərlərinə uyğun olmadığını və həmin ölkənin bu birliyə üzvlüyünü təhlükə altına atacağını bildirib.
On minlərlə Gürcüstan vətəndaşı da qanun layihəsinin əleyhinədir. Artıq bir aydan çoxdur ki, onlar ölkənin müxtəlif şəhərlərində Gürcüstan, Aİ bayraqları və "Rusiya qanunu"nu qəbul etməmək tələbi ilə küçələrə çıxırlar. Etirazlarda polislə toqquşma olub. Polis güc tətbiq edib və, onun ifadəsi ilə, "ictimai asayişi pozan" etirazçıları saxlayıb. Ölkədə "xarici agentlər" qanun layihəsinə qarşı tələbə tətili də keçirilir.
Keçən il kütləvi etirazlardan sonra Gürcüstan parlamenti "Gürcü arzusu"nun səsvermədən keçirməyə çalışdığı "xarici agentlər" haqqında qanun layihəsini rədd etmişdi. Bu il hakim partiyanın parlament fraksiyasının lideri Mamuka Mdinaradze qanun layihəsinin heç bir halda geri götürülməyəcəyini bəyan etmiş və onun yaz sessiyasının sonuna qədər qəbul olunacağına əminliyini bildirmişdi. Qanun layihəsini dəstəkləmək üçün Tbilisidə "Gürcü Arzusu" liderlərinin təşkil etdiyi mitinq də keçirilib.