Gəncə hadisələrinə görə həbs olunanlardan ən çox cəza alan 7 nəfərlik qrupun işi hazırda apellyasiya mərhələsindədir. Dekabrın 3-də Bakı Apellyasiya Məhkəməsində onların şikayətinə baxılmalıydı. Lakin Gəncə Apellyasiya Məhkəməsinin hakimləri məhkəməni keçirməyib, prosesi dekabrın 20-nə təxirə salıb. Bu da valideynlərin etirazına səbəb olub.
Valideynlər bildiriblər ki, çox çətinliklə Gəncədən Bakıya övladlarının məhkəməsinə gəlirlər. Həm maddi, həm də fiziki baxımdan əziyyət çəkirlər, hakimlər isə bunların heç birini nəzərə almırlar.
Məhbusların yaxınları etirazlarını Bakı Apellyasiya Məhkəməsinin binasının qarşısında toplaşaraq ifadə ediblər. Bu zaman işə baxan Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əlizamin Abdullayev də gəlib. Valideynlər ona iradlarını bildiriblər.
Buna da bax: Gəncə məhbusunun xanımı: 'Ağrılardan huşunu itirir, müalicə etmirlər'
«Bizi niyə yollarda qoyursuz? Bu nə oyundur? Niyə baxmırsız işə? Biz 1 il 5 aydır yollarda həlak olmuşuq. Bu qədər zülm olar? Bu 1 il 5 ayda nə oyunlar açıldı başımıza... Bu qədər özbaşınalıq olar? Biz yəni bu qədər yiyəsiz ölkədə yaşayırıq ki, kim nə istəyir, onu da eləyir?», - valideynlər hakimə belə deyiblər.
Ə.Abdullayev isə valideynlərin söylədiklərinə heç bir cavab verməyib və məhkəmənin binasına daxil olub.
Valideynlər də onun ardınca getmək istəsələr də, məhkəmə binasına cəlb olunan polislər imkan verməyib.
Bu qrupda təqsirləndirilən şəxslərin sayı 8 nəfər olsa da, məhkəmə qarşısına 7 nəfər çıxarılmışdı. Daha bir nəfər – Gəncədə ötən il iyulun 10-da polis polkovnikləri İlqar Balakişiyev və Səməd Abbasovu qətlə yetirməkdə suçlanan Rəşad Böyükkişiyev hadisədən iki gün sonra öldürülüb.
Qalan 7 nəfərdən Eşqin Quliyevə 20 il, Oqtay Hüseynzadə və Ürfan Məmmədova 18 il, Rauf Bayramova 9 il, onun oğlu Hüseyn Bayramova 2 il, Abbas Abbasov və Elşən Məmmədova isə 7 il həbs cəzası kəsilib. Ağır xəstə olan E.Quliyev də hökmdən az sonra vəfat edib.
Buna da bax: Gəncə işi: 'Məni ratsiyanın arxasıyla, dəyənəklə, stul ayaqlarıyla dِöyürdülər'
Xatırlatma
Ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.
Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən İslam dövləti qurmaq olduğunu iddia edirlər. Məhkəməsi başlanmayan Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.
Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 10 ilə qədər həbs cəzası verilib.
Sonradan apellyasiya məhkəməsində cəzalar 1 il 6 aydan 5 il 6 aya qədər azaldılıb, 6 nəfər məhkəmə zalından azadlığa buraxılıb.
Sabiq icra başçısının güllələnməsində təqsirləndirilən 17 nəfərin işi üzrə istintaq da artıq başa çatıb, yaxın vaxtlarda məhkəmə başlayacaq.
Həbs olunanlar məhkəmə ifadələrində həm saxlanılarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.
Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.