Zəlzələdə ölənlərin sayı 1300-ə çatır

Haiti

Mülki Mühafizə Agentliyi avqustun 15-də bildirib ki, zəlzələdə 1297 nəfər həlak olub. Xəsarət alanların sayı 5 min 700-dən çoxdur

Haiti hakimiyyəti avqustun 14-də ölkədə baş verən 7.2 bal gücündə zəlzələdən 1300-ə yaxın insanın həlak olduğunu açıqlayıb. Qonşu ölkələrdən yardım və xilasetmə-axtarış qrupları gəlməkdədir.

Mülki Mühafizə Agentliyi avqustun 15-də bildirib ki, zəlzələdə 1297 nəfər həlak olub. Xəsarət alanların sayı 5 min 700-dən çoxdur.

Xəstəxanalar yaralılarla dolub daşır. Hakim orqanlar ən çox ziyan dəymiş ərazilərə həkim briqadaları yollayırlar. Avqustun 16-da isə tropik “Grace” qasırğası gözlənilir.

Buna da bax: Əfqanıstan prezidentinin ölkəni tərk etdiyi bildirilir

Xəstəxanalar və məktəblər daxil olmaqla 700-dən çox bina dağılıb, azı 3 min 778 ev dağılıb. Yollara, infrastruktura ciddi ziyan dəyib.

200 minədək sakini olan mərkəzi Jeremi, 90 minədək insanın yaşadığı Les Keyz şəhərlərinə böyük ziyan dəydiyi xəbər verilir.



Buna da bax: Nazirlik yenə Şuşa və Kəlbəcər istiqamətinə atəş açıldığını bildirir

Yardım

Qonşu Dominikan Respublikası və Meksika Haitiyə quru sərhədi və hava ilə ərzaq, dərman çatdırır. Kolumbiya axtarış-xilasetmə heyəti göndərib.

Birləşmiş Ştatlar ləvazimat, 65 nəfərlik axtarış-xilasetmə komandası yollayıb.

Papa Fransisk beynəlxalq ictimaiyyəti dərhal dəstək verməyə çağırıb.

“Qoy hər kəsin göstərdiyi həmrəylik faciənin ağrısını yüngülləşdirsin”, – o, Müqəddəs Pyoter Meydanında bazar günü ibadəti zamanı deyib.

Haitidə eyni zamanda siyasi böhran yaşanır. Prezident Jovenel Moise iyulun 7-də sui-qəsdlə öldürülüb. Üstəlik, koronavirus pandemiyası, kəskin iqtisadi geriləmə və silahlı qruplaşmaların zorakılığı vəziyyəti daha da ağırlaşdırır.