'Halal' sertifikatı veriləcək: 'Pul amili olmasın...'

"Halal" kolbasalar

Azərbaycanda "Halal" sertifikatı veriləcək. Beynəlxalq akkreditasiya standartları səviyyəsində olacağı iddia edilən "Halal" sertifikatı vermək hüququnu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) əldə edib.

İnstitutdan açıqlamaya görə, məqsəd istehlakçıların halal məhsullar üzrə tələb və gözləntilərinin təmin edilməsi, həmin məhsullarla bağlı etimadın formalaşdırılması, eləcə də onun dövriyyəsinin stimullaşdırılmasıdır.

Artıq illərdir ölkədə "Halal" sertifikatlarının verildiyi deyilir. Bu növ məhsullarla bağlı tənqidlər də eşidilir. Hələ 10 il əvvəl həmin sertifikatları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş ixtisaslaşmış orqan – "AzeSERT Halal" verirdi.

2018-ci ildən isə Azərbaycanda şirkətlərə "halal" sertifikatının verilməsi səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyinə həvalə edilib.

Elə həmin ildən "halal" sertifikatı alan şirkətlərin sayı açıqlanmır. 2018-ci ildə sertifikat alan şirkətlərin sayı 10 civarında olub.

Sertifikatların verilməsinə baxmayaraq, "halal" adı ilə marketlərdə satılan ət məhsullarına bir qədər şübhə ilə yanaşanlar da var.

Sizin brauzer HTML5-i dəstəkləmir

«Halal»ın yeni standartı

"Kim gəldi malın üstünə "halal" yazır..."

İnanclı şəxs Pərvin Məmmədov sual edir: "Görün mağazalarda nə qədər "halal" çeşidli kolbasa, sosiska var. İndi bunların hamısı belədir?! Kim gəldi malın üstünə "halal" sözünü yazır, təki satışı getsin. Bu ki günahdır. Heç buna nəzarət da yoxdur".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Turan"a bildirilib ki, halal sertifikatlaşdırma prosesi bundan sonra dörd kateqoriya (heyvanların, quşların kəsimi, süd, süd məhsulları və emal edilmiş məhsullar) üzrə aparılacaq. Agentlikdən əlavə edilib ki, sertifikatlaşdırma prosesi bir neçə mərhələdən ibarət olacaq: "Sertifikatı əldə etmək istəyən qida subyektləri halal qidaya dair ümumi tələblər üzrə uyğunluğu təsdiq edən sənədləri təqdim edəcəklər. Onlar sertifikatlaşdırma orqanının əməkdaşları tərəfindən yoxlanılacaq. Sənədlər uyğun hesab edildikdə artıq müvafiq subyektlərdə yerində audit prosesi həyata keçiriləcək".

Qurumdan vurğulanıb ki, "halal" sertifikatlaşdırma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşdırma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr formalaşdırılıb: "Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, müəllim heyəti, müstəqil ekspertlər və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərindən ibarətdir".

Eyyub Hüseynov

"Pul amili olmasın..."

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzadlıqRadiosuna xatırladır ki, hələ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi olduğu zaman "halal" standartları qəbul edilib. Onun deməsinə görə, bu sertifikatlar Qafqaz Müsəlman İdarəsinin iştirakı ilə verilirdi.

Ekspertin sözlərinə görə, beş il əvvəl isə "AzeSERT Halal" Azad İstehlakçılar Birliyinin iştirakı ilə standartlara cavab verən beş şirkətə təmənnasız "halal" sertifikatı verib: "Sonra ortalığa pandemiya düşdü. Elə həmin illərdə yeni "halal" standart qəbul olundu, amma bizim təkliflər orada nəzərə alınmadı. Biz təklif etmişdik ki, "halal" buraxan müəssisələrdə onlayn izləmə sistemi olsun, həmin müəssisələrin kredit faizi olmasın. Amma bu təkliflər qəbul edilmədi".

E.Hüseynov yeni standartların qəbulunu müsbət qiymətləndirib: "Əsas odur ki, əsl "halal" standartlarına nail olaq və Azərbaycan istehsallı məhsullar dünya bazarlarına çatsın. Lakin mən yenə də təklif edəcəyəm ki, sertifikatlar veriləndə kollegiallıq olsun, pul amili olmasın, monitorinq aparan ekspert qrupu olsun. Eyni zamanda, bu vaxta qədər "halal" sertifikatı alan müəssisələrdə monitorinqlər aparılsın və standartlara cavab verməyənlərin sertifikatları ləğv olunsun".

Xatırlatma

"Halal qida" beynəlxalq Kodeks Alimentarius Komissiyası sənədlərində "İslami qaydalar çərçivəsində icazə verilən qida" kimi ifadə edilir. Habelə, "İslami qaydalara görə qadağan olan hər hansı bir elementi ehtiva etməyən, bu elementlərdən təmizlənmiş halda hazırlanan, daşınan və saxlanılan məhsul" olaraq tərif olunur.