İsrail ordusu oktyabrın 27-ə keçən gecə HƏMAS döyüşçülərinə zərbələr endirilməsi məqsədilə Qəzza zolağında ikinci reydini keçirib.
Ordu hesabatında deyilir ki, reyddə piyadalar, istehkamçı mühəndislər və tank əleyhinə birləşmələr iştirak edib.
İsrail tərəfi bildirir ki, Fələstinin radikal islamçı qruplaşmasının mövqelərinə, o cümlədən raket atışı nöqtələrinə və komanda mərkəzlərinə zərbələr endirilib.
Bugünlərdə Moskvada səfərdə olan HƏMAS nümayəndə heyətinin rəsmisi Kommersant qəzetinə deyib ki, İsrailin tələb etdiyi girovların tapılıb azad olunması üçün “sakit şəraitə” ehtiyac var.
İsrail bildirir ki, HƏMAS oktyabrın 7-dən bəri 200-dən çox girovu saxlamaqda davam edir.
HƏMAS nümayəndəsi qəzetə deyib ki, təşkilat mülki əsirləri dərhal azad etməyə hazır idi, amma girovların əvvəlcə aşkar olunması lazımdır.
Buna da bax: 'Bizim savaşımız deyil': İranlılar İsrail-HƏMAS savaşında Fələstin məsələsinə az dəstək verirlər50-dək girovun həlak olduğu bildirilib
Nümayəndənin sözlərinə görə girovların əksəriyyəti Qəzza zolağındakı müxtəlif Fələstin qruplaşmalarının əlindədir və onların tapılıb qaytarılması üçün vaxta ehtiyac var.
O əlavə edib ki, İsrailin hava zərbələri nəticəsində 50-dək girov artıq həlak olub.
Son məlumatlara görə HƏMAS və İslami cihad qruplaşmalarının İsrailə basqını nəticəsində 1400 nəfər həlak olub.
HƏMAS bildirir ki, İsrailin zərbələri nəticəsində Qəzza zolağında qurbanların sayı 5 mini keçib.
Misirin İsrailin Eylat şəhəri ilə həmsərhəd Taba şəhərində 6 nəfərin xəsarət aldığı bildirilir.
Al Qahera News yazır ki, oktyabrın 27-də səhər bu şəhərdəki tibb müəssisəsinin yaxınlığına dron düşüb.
İsrail ehtimal edir ki, dronu Yəməndən Eylata buraxıblar, amma o səhvən Tabaya düşüb.
Misir bildirib ki, bu zərbəyə cavab vermək haqqını özündə saxlayır.