2023-cü ildə Yer atmosferində qlobal istiləşməyə kömək edən istixana qazlarının - karbon qazı, metan və azot oksidin konsentrasiyası müşahidələr tarixində yenidən rekord səviyyəyə çatıb.
Bu barədə ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) məlumat yayıb.
Məlumatda bildirilir ki, qalıq yanacaqların yandırılması, heyvandarlığın inkişafı və meşələrin qırılması səbəbindən karbon qazının səviyyəsi indi kütləvi sənayeləşmədən əvvəlki vaxtdan 50 faiz yüksəkdir.
Metan atmosferə neft, qaz quyularının qazılması zamanı, həmçinin inəklərin və digər gövşəyən heyvanların təbii tullantılarından daxil olur. İndi onun atmosferdə konsentrasiyası sənayedən əvvəlki dövrlə müqayisədə 160 faiz yüksəkdir.
Azot gübrələrindən geniş istifadə, kanalizasiya sularının təmizlənmə və yanacağın yanması nəticəsində havada azot oksidinin miqdarı təxminən əsr yarımda 25 faiz artıb.
NOAA alimlərinin habelə hesablamalarına görə, hazırda atmosferdəki karbon qazının konsentrasiyası təxminən 4.3 milyon il əvvəlki ilə müqayisə edilə bilər. "O zaman insanlar yox idi, dəniz səviyyəsi, demək olar ki, 23 metr yüksək idi və Arktika tundrasında ağaclar bitirdi", - məlumatda bildirilir.
Eyni zamanda vurğulanır ki, istixana qazları qlobal istiləşmənin əsas amillərindən biridir. Qlobal temperaturun artması səbəbindən daşqınlar, quraqlıqlar, meşə yanğınları, tufanlar, soyuq-isti dalğaları daha tez-tez baş verir və daha da şiddətlənir.
Buna da bax: Peyk görüntüləri iqlim dəyişikliyinin Azərbaycanda ciddi fəsadlar törətdiyini göstərir