Dünən, oktyabrın 19-da müəmmalı şəkildə ölən Yevlax rayonunda həkim-stomatoloq Nicat Əjdərlinin işini prokurorluq araşdırır.
Onun qardaşı Samir Əjdərli “Turan” agentliyinə deyib ki, Nicat Əjdərli “intihar etdiyi” gün rayon polisində olub.
Samir Əjdərlinin vurğulamsına görə, qardaşı ona deyib ki, hələ aylar öncəsindən rayon polisində ona aylıq min manat “haq” qoyublar.
Onun əlavə etməsinə görə, hadisə günü iki polis əməkdaşı gəlib qardaşının yanında dişlərini müayinə etdirib:
"Hətta, qardaşım onlardan pul almayıb. Müayinədən 10-15 dəqiqədən sonra yenidən gəliblər ki, səni şöbədə görmək istəyirlər. Gediblər şöbəyə, orada onu 4-5 saat saxlayıblar. O orada olarkən şöbəyə getdim…”
Samir Əjdərlinin iddasına görə, qardaşının min manat əvəzində buraxılacağını söyləyiblər:
"Mən də qardaşımı şöbədən götürüb evə aparanda o içəridə olanlardan danışmadı. İçəridə nə olduğunu soruşdum, qayıtdı ki, sən soruşma, mən deməyim, bir tərəfdən söyüş, bir tərəfdən alçaldıcı ifadələr, əl-qol hərəkətləri… Mən Nicata ata evinə getməyi təklif etsəm də, yorğun olduğunu və bir az sonra gələcəyini dedi. Nicat evdə tək idi, girdi kabinetə və sonra bu hadisə baş verib. Bir kağız da yazıb cibinə qoyub ki, bağışlayın, mənim canımı boğaza yığdılar".
Samir Əjdərlinin iddasına görə, “intihar” hadisədən 2 gün keçdiyinə baxmayaraq heç bir dövlət orqanı araşdırma ilə bağlı onları axtarmayıb.
DİN-dən açıqlama
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı “Turan”a bildirib ki, məsələni prokurorluq araşdırır.
Amma bir qədər sonra nazirliyin mətbuat xidməti özü açıqlama yayıb.
Açıqlamada qeyd edilib ki, oktyabrın 18-də saat 15:30 radələrində Nicat Əjdərli güclü təsiredici narkotik vasitələrin təsiri altında “Khazar” markalı avtomobili idarə etməsi ilə bağlı polis şöbəsinə dəvət edilməklə həkim - narkoloqun tibbi müayinədən keçirilib:
“Tibbi müayinə zamanı onun avtomobili narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq sərbəst buraxılıb. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, ölüm faktı ilə bağlı iddialar şəxsi mülahizələrdir, hüquqi əsası yoxdur.”
Azərbaycan Baş Prokurorluğundan isə, hələlik, baş verən olaya və səslənən idialara münasibət almaq mümkün olmayıb.