Azərbaycan Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılır. Bununla bağlı bu gün, noyabrın 7-də Prezident İlham Əliyev fərman imzalayıb. Fərman yanvarın 1-dən qüvvəyə minir.
Dövlət başçısı Nazirliyin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarını isə 2.1 dəfə artırıb.
Eyni zamanda, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının da maaşı orta hesabla 20 faiz artırılmalıdır.
Eyni miqdarda və eyni vaxtda artım Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını da gözləyir.
Habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları da diqqətdən kənar qalmayıb. Onların da maaşında yanvarın 1-dən 20 faiz artım olmalıdır.