"Hazırda bu faktlarla əlaqədar 10 cinayət işinin ibtidai istintaqı davam etdirilir". "Turan"ın məlumatına görə, bunu oktyabrın 10-da Bakıda Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə "Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə" adlı konfransda Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib. O, bunu əsir kimi götürülən bir neçə Ermənistan hərbi qulluqçusunun qətlə yetirildiyi iddia olunan görüntülərin yer aldığı videolar haqqında söyləyib.
"Əgər, videoda əks olunduğu kimi, iddia edilən şəxslərin, hərbi qulluqçuların təqsiri sübut olunarsa, cinayət faktının olması öz təsdiqini taparsa, təbii ki, cinayət məsuliyyəti məsələsi həll oluna bilər", - Baş Prokurorluğun rəsmisi əlavə edib.
N.Əvəzovun sözlərinə görə, İkinci Qarabağ müharibəsində təhvil verilmiş çoxsaylı Azərbaycan hərbçilərinin nəşləri Baş Prokurorluğun ekspertizasından keçirilib: "Həmin nəşlər üzərində xüsusi qəddarlıq, amansız rəftar əlamətləri, bir neçəsinin diri-diri boğazının kəsilməsi, üz dərisinin soyulması, qulaq seyvanlarının, burunlarının kəsilməsi kimi qəddarlıqların şahidi olmuşuq. Niyə bunlara reaksiya vermirlər?".
Buna da bax: Ermənistan Azərbaycanın 17 əsiri qaytardığını bildirir
İşgəncə videoları araşdırılıb, həbs olunanlar var
Azərbaycan Baş Prokurorluğu Ermənistan hərbçilərinin güllələndiyi bildirilən və işgəncə görüntülərinin yer aldığı videoları araşdırdığını deyir.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov oktyabrın 6-da keçirilən brifinqdə bildirib ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış həmin videolar təhlil edilib: "Bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb".
Onun sözlərinə görə, iki Azərbaycan hərbiçisinin Zəngilanda öldürülmüş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətləri ilə bağlı istintaqı aparılıb. Habelə, iki hərbçinin Xocavəndin Mədətli kəndində ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərilərində təhqiredici hərəkətlər etmələri də istintaqın diqqətində olub: "Dörd nəfər şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin şəxslər barədə istintaq tamamlanaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib, həmin şəxslər məhkəmə hökmləri ilə məhkum ediliblər".
Tədbirdə habelə deyilib ki, sentyabr hadisələrində Ermənistan hərbçilərinin işgəncələrlə öldürdüyü və görüntüləri yayılan altı nəfər Azərbaycan vətəndaşının meyiti onlara təhvil verilib.
Buna da bax: Paşinyan Azərbaycanın erməni hərbi əsirləri buraxmadığını deyirVideoların yayılması
Oktyabrın 2-də sosial şəbəkələrdə Azərbaycan və Ermənistan əsgərlərinin güllələndiyi, meyitlərin təhqir olunduğu iddia edilən görüntülərin yer aldığı videolar yayılıb.
Digər bir videoda isə bir qrup hərbçi, mülki şəxs hərbi və mülki forma olan meyitləri təhqir edir. İddia olunurdu ki, ölmüş hərbçi və mülkilər azərbaycanlılardır, onları təhqir edənlər isə Ermənistan hərbçiləridir.
Beynəlxalq qurumlar və onların təmsilçiləri bu videoların araşdırılması ilə bağlı çoxsaylı müraciətlər yayıblar.
Sentyabrın 12-13-də Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşmişdi. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar.
Ermənistan Azərbaycan hərbçilərinin onların ərazisinə daxil olduğunu, Azərbaycan isə qarşı tərəfin təxribatı ilə üzləşdiyini vurğulayıb.
Sentyabrın14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.