Prezidentin köməkçisi ABŞ-dadır

Hikmət Hacıyev

"Bu, Birləşmiş Ştatların çox həvəsləndirdiyi bir şeydir"

Rəsmi Vaşinqton hesab edir ki, Azərbaycanla Ermənistan sülh axtarışında və münasibətlərin normallaşmasında real imkanlara malikdir.

"Turan"ın xəbərinə görə, bu barədə iyunun 8-də keçirdiyi brifinqdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Karen Donfrid bildirib.

"Hesab edirəm ki, indi real ümid var ki, Azərbaycan və Ermənistan bu münasibətlərin normallaşması, sülh yolu ilə nizamlanma axtarışında irəliləmək imkanlarına malikdir", - o deyib.

O, sonra da bunları əlavə edib: "Biz hər iki ölkənin - Azərbaycanın və Ermənistanın mühüm addımlar atdığını gördük. Bu, Birləşmiş Ştatların çox həvəsləndirdiyi bir şeydir".

+++

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdədir. "Turan"ın xəbərinə görə, H.Hacıyev iyunun 6-da Dövlət Departamentində Dövlət katibinin köməkçisi Karen Donfrid və Ağ Evdə prezident Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.

ABŞ Milli Təhlükəsizlik Şurasından bildirib ki, Sallivan Hacıyevlə görüş zamanı deyib ki, "ABŞ Azərbaycan və Ermənistanın davamlı sülhün əldə edilməsinə yönələn tarixi diplomatik səylərini yüksək qiymətləndirir".

Sallivan həmçinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkil etdiyi danışıqlara dəstəyini ifadə edib. "O, ABŞ-ın sıx qarşılıqlı fəaliyyət göstərməyə və müxtəlif yollarla, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəqqiyə dəstək verməyə hazır olduğunu bildirib", - məlumatda yazılıb.

Açıqlamaya görə, görüş zamanı Sallivan və Hacıyev habelə Rusiyanın təcavüzünə cavab olaraq Ukrayna xalqına yardımı müzakirə ediblər: "Sallivan Azərbaycanı Avropanın enerji təhlükəsizliyinə sadiqliyinə görə alqışlayıb və regional enerji resurslarının tədarükünün daha da şaxələndirilməsi səylərini müzakirə edib. Onlar həmçinin Ukraynadakı münaqişənin bütün region üçün fəsadları barədə fikirlərini bölüşüblər".

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, on minlərcə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb. Beynəlxalq aləm Moskvanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Avropa İttifaqı Şurasının prezidentinin vasitəçiliyi…

Bu il mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla görüşmüşdü. Tərəflər sərhədlərin demarkasiyası komissiyasının işə başlaması üzrə razılığa gəlmişdilər. Həmin görüşdən bir gün sonra – mayın 23-də iki ölkə liderləri sərhədlə bağlı komissiya yaradaraq onun tərkibini təsdiqləyiblər.

Ş.Mişelin vasitəçiliyi ilə həmin formatda indiyə qədər üç görüş keçirilib. Görüşlərdə, əsasən, iki ölkə arasında sülh sazişi ilə bağlı məsələlər müzakirə edilib. Ondan əvvəl isə vasitəçi qismində, əsasən, Rusiya, yaxud ümumilikdə ATƏT-in Minski qrupu çıxış edib.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin razılaşmasına əsasən, Laçın dəhlizinə (Azərbaycanın Laçın rayonundan keçir) və Qarabağdakı təmas xəttində Rusiya hərbçiləri yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Bu münaqişə ilə bağlı sülh danışıqları uzun illər ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılıb. ABŞ-dan başqa Rusiya və Fransa həmin qurumda həmsədrlərdir.