Dünya Səhiyyə Təşkilatı (DST) Hindistanın Bharat Biotech əczaçılıq şirkətinin istehsal etdiyi COVID-19 vaksinindən təcili istifadə icazəsi verib.
DST-nin noyabrın 3-də yaydığı bəyanatda deyilir ki, Covaxin adlı vaksindən istifadənin faydası onun mümkün risklərini “xeyli dərəcədə üstələyir” və bu preparat saxlanmasının asanlığına görə aşağı və orta gəlirli ölkələrin istifadəsi üçün münasibdir.
Beləliklə, effektivliyi 78 faiz olaraq dəyərləndirilən Covaxin DST-nin istifadəsinə icazə verdiyi altı vaksinin sırasına qoşulub.
BMT-nin səhiyyə təşkilatı bundan əvvəl AstraZeneca, BioNTech/Pfizer, Johnson & Johnson, Moderna, Sinopharm və Sinovac vaksinlərindən istifadəyə icazə verib.
DST-nin Hindistan vaksinini təsdiqləməsi o deməkdir ki, Covaxin BMT-nin yoxsul ölkələrə dəstək üçün yaratdığı COVAX vaksin təchizatı proqramına daxil edilə bilər.
Bu da qeyd olunur ki, dərman tənzimləyicisi olmayan ölkələr bu vaksindən istifadə üçün BMT təlimatlarından istifadə edə bilərlər.
DST-nin Covaxin vaksinini təsdiq etməsi həm də o deməkdir ki, bu preparatla peyvənd olunan hindistanlılar təşkilatın təsdiq etdiyi başqa vaksinləri tanıyan ölkələrə səfər edə bilərlər.
Hindistanın dərman tənzimləyicisi Covaxin-dən istifadəyə yanvar ayından icazə verib.
Oktyabrın ortalarınadək Hindistanda 110 milyon Covaxin dozası vurulub.