NATO üzvü olan Türkiyə Rusiya istehsalı S-400 hava hücumundan müdafiə sistemindən istifadə edə bilər, çünki şimal alyansının başqa üzvləri S-400-ün köhnə modeli – S-300-lərdən istifadə edir.
Anadolu agentliyinin xəbərinə görə bu bəyanatı Türkiyənin milli müdafiə naziri Hulusi Akar noyabrın 12-də verib.
"S-300 sistemindən bəzi NATO üzvləri istifadə edirlər və Türkiyə də eyni şəkildə S-400-lərdən istifadə edəcək”.
Rusiya indiyədək S-300 raketlərini Bolqarıstan, Yunanıstan və Slovakiya kimi NATO üzvləri də daxil 20 ölkəyə satıb.
Akar bildirib ki, Türkiyə S-400 raketlərinin hazırlığı və sınağı prosesini planlaşdırılan qaydada həyata keçirəcək.
Buna da bax: ABŞ Türkiyədən Rusiyanın S-400 komplekslərini ala bilər?
Türkiyə ABŞ-la müzakirəyə hazırdır
Türkiyə naziri habelə ABŞ-ı S-400 sistemi ilə ABŞ-ın F-35 müasir döyüş təyyarələrinin uyarlığı məsələsini müzakirə etmək məqsədilə işçi qrupun yaradılmasına çağırıb:
"Biz S-400-lərin və F-35-lərin uyarlığına dair texniki narahatlıqları ABŞ-la müzakirə etməyə hazırıq”.
ABŞ, Türkiyə Rusiyadan S-400 raket sistemini aldıqdan sonra, 2019-cu ilin iyulunda Ankaranı F-35 qırıcı təyyarə proqramından xaric edib.
ABŞ və Türkiyənin bir sıra NATO müttəfiqləri Türkiyənin Rusiyadan S-400 raketləri alması ilə bağlı narahatlıq və narazılıq bildirmişdilər.
Onlar bildirirlər ki, S-400 NATO sisteminə qətiyyən uyğun deyil, əksinə F-35 qırıcılarına qarşı işlənib.