Hüseyn Abdullayev prezidentə: 'Atanızla səmimi münasibətlərə xatir...'

H.Abdullayev

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev prezident İlham Əliyevə məktub göndərib. H.Abdullayev hesab edir ki, prezidentə onun haqqında yalan və qərəzli məlumatlar verib, vəziyyəti bu həddə çatdırıblar.

Özünə qarşı aqressiv münasibəti, adekvat olmayan təzyiq və işgəncələri haqq etmədiyini vurğulayan sabiq deputat yada salır ki, iyunun 18-də Ali Məhkəmədə onun işinə baxılacaq. Düşünür ki, həmin məhkəmə iclasında ona qarşı cinayət təqibinə son qoymaqla vəziyyəti düzəltmək olar: "Azərbaycanın beynəlxalq aləmdəki imicinə ciddi zərbə vurmuş bu insan oğurluğu hadisəsini mənə bəraət verilməklə aradan qaldırmaq mümkündür. Haqq etdiyim bəraətimi aldıqdan sonra Almaniyaya qayıdıb öz işim və yaradıcığımla məşğul olub, xalqımız üçün yeni-yeni nəğmələr yazacağam".

H.Abdullayev məktubunda qeyd edir ki, haqq etmədiyi təzyiqlərə məruz qalsa da, heç kimə qarşı kin və ədavət saxlamır: "Ola bilər ki, Sizə yalan və qərəzli məlumatlar verilib vəziyyəti bu həddə çatdırıblar. Buna baxmayaraq, bu haqsızlığı edənləri də mərhum atanızla aramızda olmuş yaxın və səmimi münasibətlərə xatir bağışlamağa hazıram".

2014-cü ildə Almaniyada siyasi sığınacaq almış H.Abdullayevin sözlərinə görə, bu ölkənin Azərbaycandakı səfirliyi onunla bağlı məsələni həm prezidentlə, həm də Xarici İşlər Nazirliyi ilə müzakirə edib. Bu barədə Almaniya prezidenti Frank-Valter Ştaynmayerin ofisindən onun vəkilinə göndərilmiş məktubda məlumat verilib.

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında cinayət işi başlanıb.

H.Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. O, ittihamları rədd edir və onların qondarma olduğunu deyir.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası kəsilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Z.Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.

2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı deputat H.Abdullayev ilə Ana Vətən Partiyasının sədri F.Ağamalı arasında qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu. Bu olaydan sonra H.Abdullayevin deputat mandatı əlindən alınmış və ardınca o, həbs olunmuşdu. Ancaq elə həmin il məhkəmə qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

2013-cü ildə H.Abdullayevin "Susma" adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu iddia edilmişdi.