Həbsdəki MTN polkovnikinin həyat yoldaşı əmlaklarını geri istəyir

MTN

Həbsdə olan keçmiş MTN polkovniki Vüsal Ələkbərovun həyat yoldaşı Şəhla Ələkbərova məhkəməyə müraciət edib. O, həyat yoldaşının həbsindən sonra müsadirə olunmuş əmlaklarının geri qaytarılmasını tələb edir.

V.Ələkbərov MTN-in İstintaq İdarəsinin 2-ci şöbəsinin rəisi olub. O, həbs olunan şəxslərin özlərindən və ya yaxınlarından milyonlarla pul almaqda, onlara hədə-qorxu gəlməkdə və başqa əməllərdə suçlanaraq, 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirdi.

Cəza ilə yanaşı, V.Ələkbərov və ailə üzvlərinin adına olan təxminən 1 milyon 200 min manatlıq əmlakın da müsadirəsinə qərar verilib. Söhbət Ş.Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsində 0.18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzil və başqa əmlaklardan gedir.

***Buna da bax-MTN polkovnikinin cəzası 12-dən 5 ilə endirildi, amma yenə razı deyil

Ələkbərovlar ailəsinin əmlakı sabiq MTN polkovnikinin işindəki zərərçəkmişlərdən işadamı Akif Qurbanovun (Sabunçu rayonu, 13-cü polis bölməsinin sabiq rəisinin atası) xeyrinə müsadirə olunub. Yəni vaxtilə ondan alınmış pulun ödənilməsinə yönəldilib.

Digər zərərçəkmiş iş adamlarının mülki iddiası isə təmin edilməyib. Məhkəmə bunu belə əsaslandırıb ki, V.Ələkbərova pulu həmin zərərçəkmişlər rüşvət kimi veriblər.

V.Ələkbərovun həyat yoldaşı isə hesab edir ki, onların əmlakının müsadirə olunması qərarı qanunsuzdur. Ş.Ələkbərova qərardan şikayət verib və avqustun 17-də Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.

***Buna da bax-Həbsdəki MTN generalı: 'Günü bu gün də banka borcum var'

Bakı Hərbi Məhkəməsi V.Ələkbərov haqqında hökmdə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin istintaq idarəsinin rəisi olmuş general Mövlan Şıxəliyevin barəsində araşdırma aparılması məqsədilə xüsusi qərar da çıxarmışdı. Həmin qərar prokurorluğa göndərilib. Hökmdən bir il vaxt keçsə də, prokurorluğun bu qərarla bağlı araşdırmalarından xəbər yoxdur.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib.

***Buna da bax-'MTN-çilər başqalarına neyləmişdilərsə, onlarla da elə davrandılar'

Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. Bakı Apellyasiya Məhkəməsi keçmiş müstəntiq V.Ələkbərovun cəzasını 5 ilə endirib.

MTN generalı Akif Çovdarov nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilədək həbs cəzası kəsilib. Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum olunub. Bakı Hərbi Məhkəməsinin hökmündə onların rütbələrinin alınması, bir çox əmlaklarının müsadirəsi də var.

Onlar hökmdən narazı qalıb apellyasiya şikayəti versələr də, hökm dəyişməyib. İndi onlar Ali Məhkəməyə üz tutublar.

Sabiq MTN-çilər mütəşəkkil dəstə yaradaraq, özəlliklə iş adamları olmaqla, müxtəlif şəxslərdən həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, adamları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə, dövlət büdcəsindən agentura fəaliyyəti, əməliyyatlar üçün ayrılmış vəsaitləri mənimsəməkdə və başqa əməllərdə suçlanırlar.