Türkiyənin "Hürriyet" qəzeti yazır ki, İran prezidenti İbrahim Rəisinin ölümü bu ölkədə hakimiyyət uğrunda daxili mübarizə ilə bağlı ola bilər.
Mayın 19-da İranın şimal-qərbində Verzeqan bölgəsində prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmiləri daşıyan helikopter qəzaya uğrayıb. Onlar həlak olublar.
Nəşrdə qeyd edilir ki, hazırkı ali dini lider Əli Xameneinin yaşının çox olması ilə əlaqədar İranda dini rəhbərlikdə hakimiyyət uğrunda mübarizə gedir.
"Rəisi dini lideri seçəcək nümayəndə heyətinin tərkibində idi və həmin posta ən güclü namizədlərdən biri idi. Lakin dini liderin ətrafına toplaşan qrup bu vəzifədə Əli Xameneinin oğlu Müctəba Xameneini görmək istəyir", - qəzetdə yazılıb.
"Helikopter qəzası məsələsində diqqət Rəisi üzərindədir, lakin xarici işlər naziri Hüseyn Abdullahian İran rejiminin mühüm fiqurlarından sayılırdı. O, Rəisidən sonra prezidentliyə namizədlərdən biri idi. Əgər ona qarşı sui-qəsd olubsa, bu, bir daşla iki quş vurmaq deməkdir", – müəllif vurğulayır.
"Hürriyet" İran prezidentinə nə üçün kifayət qədər avadanlığı olmayan helikopter ayrıldığına da diqqət çəkir. "Əksinə, prezidentə ən yaxşı təchiz olunmuş helikopterlər ayrılmalı idi. Hava şəraiti helikopterlərin uçuşu üçün təhlükəli idisə, prezidenti niyə ora apardılar?", - hökumət dairələrinə yaxın köşə yazarı Abdulkadir Selvi sual edir.
Onun sözlərinə görə, hərbi və mülki təyyarələr ilə helikopterlərdə quraşdırılan ELT cihazı nəinki havada hərəkəti izləməyə imkan verir, həm də hava limanlarında eniş və uçuş zamanı olmazsa-olmaz sayılır: "Peyk izləməni təmin edən ELT cihazı hətta gəmilərdə də var. Yeganə istisna odur ki, pilotlar xüsusi xidmətlərin istifadə etdiyi təyyarələrdə məxfi tapşırıqları yerinə yetirərkən yaxalanmamaq üçün onu söndürə bilər. Bəs niyə o, prezidenti aparan helikopterdə yox idi? Doğrudanmı prezident hətta ELT cihazı olmayan helikopterdə daşınıb?".