Həbsdəki icra başçılarından birinin cəzası dəyişdirildi
Kürdəmirin keçmiş icra başçısı cəzasının qalan bölümünü məntəqə tipli həbsxanada çəkməlidir
Həbsdə olan keçmiş icra başçılarından Ceyhun Cəfərov saxlandığı həbsxanadan buraxılıb. Nizami rayon Məhkəməsi onun saxlanma rejiminin yüngülləşdirilməsinə qərar verib.
Qərara görə, Kürdəmirin keçmiş icra başçısı cəzasının qalan 1 il 4 aylıq hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Məntəqə tipli həbsxanada məhkumların saxlanma, davranış qaydaları xeyli yüngüldür. Qanun da oradakı məhkumlara gündə 12 saat müəssisədən çıxıb, nəzarətsiz hərəkət etməyə icazə verir. Qeyri-rəsmi məlumatlarda isə iddia olunur ki, Azərbaycandakı məntəqə tipli həbsxanalarda məhbuslara hər gün gəlib qeydiyyatdan keçmək şərtilə evlərində qalmağa icazə verilir.
2011-2014-cü ildə Tərtər rayonunun, ardındansa Kürdəmirin icra başçısı olmuş Ceyhun Cəfərov 2020-ci ilin avqustunda elə bu vəzifədə çalışarkən keçirilən əməliyyat nəticəsində öz kabinetində saxlanılıb. O, rüşvətalma, külli miqdarda mənimsəmə və başqa əməllərdə ittiham olunduğuna görə haqqında həbs qərarı çıxarılıb.
İddia edilir ki, rayonda fəaliyyət göstərən dövlət qurumlarının – xəstəxana, təhsil şöbəsinin rəhbərliyi icra başçısına vaxtaşırı rüşvət verib, büdcə təşkilatlarına ayrılan vəsait yeyilib və s.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə C. Cəfərova 8 il 6 ay həbs cəzası kəsilib. Sonradan apellyasiya instansiyasında bu cəza 6 ilə endirilib. Ali Məhkəmə müddəti bir qədər də azaldaraq, 4 il 6 aya salıb.
Toplam 5 milyon manatlıq yeyintidə təqsirləndirilən keçmiş icra başçısı qanun pozuntularına yol verdiyini təsdiqləsə də, bu pulları mənimsəmədiyini, görülən işlərə, rayonun inkişafına sərf etdiyini deyir. Onun sözlərinə görə, büdcədən vəsait ayrılması nəzərdə tutulmayan işlər varmış.
Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında başlanıb və bir ilə yaxın müddətdə Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli, Şəmkir, Kürdəmir və Şəmkir rayonlarının icra başçıları həbs olunub.
Onlardan Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev həbsdə vəfat edib. İyulun 26-da sağlıq durumu əsas gətirilərək, cəza müddəti bitmədən Yevlaxın sabiq icra başçısı Qoca Səmədov da azadlığa buraxılıb.