Prezident iki icra başçısını işdən niyə çıxartdı- [Video]

İlham Əliyev

►Zeynal Nağdəliyev deyir ki, hər iki icra başçısı insanlara qeyri-səmimilik, kobudluq nümayiş etdirib. Təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər

Prezident İlham Əliyev Akif Səlimovun Laçın, Mahmud Quliyevin isə Cəbrayıl rayonu icra hakimiyyəti başçısı vəzifələrindən azad edilmələri ilə bağlı sərəncam imzalayıb.

Bu sərəncamı Azərtac-a şərh edən Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev deyib ki, hər iki başçı ölkə başçısının etibarını itirib:

“Prezident son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoymuşdu ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar. Dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar. Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərir ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Buna görə də Laçın və Cəbrayıl rayonlarının İcra Hakimiyyəti başçıları tutduqları vəzifələrindən azad ediliblər”

PA yetkilisi deyib ki, vəzifəsindən kənarlaşdırılan icra başçıları insanlara qeyri-səmimilik və kobudluq nümayiş etdirib. Təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər.

Bir müddət öncə sosial şəbəkələrdə Cəbrayıl rayon İcra Başçısı Mahmud Quliyevin olduğu deyilən görüntülər yayılmışdı. Həmin videoda onun bir vətəndaşa kobud sözlər dediyi eşidilirdi. Sonradan icra başçısı mətbuata bildirmişdi ki, həmin vətəndaş onun qohumudur. Məqsədi qohumunu təhqir yox tənbeh etmək olub.

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________