'İdeal'ın keçmiş sahibi 6 il azadlıqdan məhrum edildi

İlqar İsmayılov

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov 6 il azadlıqdan məhrum edilib. Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb. Hökmə əsasən, o, "İdeal"da AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva ilə şərik olduğu dövrdə - 2013-2016-cı illərdə onun xəbəri olmadan kassadan 680 min götürüb xərcləməkdə təqsirli bilinib.

Hökmdən öncə son sözünü deyən İsmayılov isə deyir ki, ittiham uydurmadır. Onun sözlərinə görə, bu üzdən şirkətin kassasından özbaşına pul götürdüyünü təsdiqləyən mötəbər sübut tapıb iş materiallarına əlavə edə bilməyiblər. İşadamının deməsinə görə, 2016-cı ilin mayında da eyni ittiham, eyni maddələr, eyni audit şirkətinin əliylə barəsində cinayət işi başlanmışdı: "O zaman məqsəd şirkətdəki qalan payımı da əlimdən almaq idi...".

Buna da bax: AZAL prezidentinin xanımının məhkəmədə cavab verməsi tələb olundu

"Əminəm ki, nə vaxtsa ədalət bərqərar olacaq"

İsmayılov bildirib ki, 2018-ci ilin yanvarında həmin cinayət işinə xitam verilib. Lakin susmadığına, haqqını tələb etdiyinə görə eyniməzmunlu cinayət işi yenidən başlanıb.

"Bu məhkəmənin nəticəsindən asılı olmayaraq, əlimdən zorla alınmış haqqım bərpa olunana qədər mübarizəmi davam edəcəyəm. Mənim ətrafımda baş verənlər həm də ölkədə aparılan islahatlara kölgə salır. Əminəm ki, nə vaxtsa ədalət bərqərar olacaq. İstərdim ki, indi siz edəsiniz...", - İsmayılov son sözündə hakimlərə səslənib.

Lakin müşavirədən qayıdan hakimlər onun 6 il azadlıqdan məhrum olunması haqda hökmü elan ediblər. İşadamına 8 il həbs cəzası istəyən prokuror istintaq dövründə onun üzərinə həbs qoyulmuş evinin də müsadirə olunmasını təklif etmişdi. Amma hakimlər bu məsələdə fərqli qərar verib. Evin üzərindən həbs götürülüb.

İsmayılovun vəkilləri hökmü qanunsuz və əsassız hesab edir. Müdafiəçilər AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək: "İlqar İsmayılov təqsirsizdir, bunu məhkəmə araşdırması da ortaya qoydu. Ona bəraət verilənə qədər hüquqi müstəvidə mübarizəmiz davam edəcək".

Buna da bax: 'AZAL prezidentinin xanımı məni asılı duruma salıb payımı əlimdən aldı'

Xatırlatma

İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək şirkətin kassasından 680 min manata yaxın vəsaiti götürüb şəxsi ehtiyaclarına xərcləməkdə suçlanır. İşadamına CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.

İsmayılov həbsindən təxminən bir həftə öncə sosial media hesabında AZAL prezidenti Cahangir Əsgərovun iş otağında təzyiqə məruz qaldığını, onun və həyat yoldaşının təhdid və təzyiqləri altında Samir Əliyevi "İdeal"ın direktoru təyin etmək məcburiyyətində qaldığını yazmışdı.

"İdeal”ın idarəçiləri 2020-ci ildə "Sabina" mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company"yə daxil edilib.

Həmzəyeva Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan "Gazelli Group"un prezidenti, "Premium Bank"ın da əsas təsisçisidir.

Həmzəyevanın nümayəndəsi şikayətlərə görə İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib, CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edib. Lakin məhkəmə İsmayılovu haqlı sayaraq ona bəraət verib. Məhkəmə belə nəticəyə gəlib ki, İsmayılovun AZAL prezidentinin xanımına böhtan atması, onu təhqir etməsi haqda iddialar sübuta yetirilməyib.