İki azərbaycanlı əsgərin Ermənistan MTX-də olduğu xəbər verilir

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası

Ermənistanda Qafan şəhərinin sakinləri tərəfindən saxlanmış azərbaycanlı artıq polisdə deyil.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun Ermənistan Daxili İşlər Nazirliyinə istinadla yazır ki, azərbaycanlı Milli Təhlükəsizlik Xidmətinə verilib.

Xəbərdə deyilir ki, aprelin 10-da Sisyanda saxlanmış başqa bir azərbaycanlı da MTX-dədir.

Azatutyun yazır ki, hadisədən beş gün keçməsinə baxmayaraq MTX Ermənistan ərazisinə keçmiş azərbaycanlılar barədə heç bir məlumat vermir.

Sərhədin qanunsuz keçilməsi ilə bağlı cinayət işinin açılıb-açılmadığı da hələlik məlum deyil.

Azatutyunun yazdığına görə hüquq-mühafizə orqanları Qafandakı Zəngəzur Mis-Molibden Kombinatında qətlə yetirilmiş 56 yaşlı gözətçinin ölümünün Ermənistan ərazisinə gəlmiş azərbaycanlılarla bağlı olub-olmadığına dair də rəsmi açıqlama verməyib.

Sözü gedən gözətçinin qətli ilə bağlı istintaqı İstintaq Komitəsi aparır.

Buna da bax: Ermənistanda Azərbaycanın axtardığı ikinci hərbçisi də saxlandı

Nə təsdiq, nə təkzib

Amma komitənin mətbuat katibi Qor Abraamyan Azatutyuna deyib ki, dünən (aprelin 13-də) saxlanmış azərbaycanlı, gözətçinin qətlinin istintaqı çərçivəsində İstintaq Komitəsinə verilməyib.

Abraamyan deyib ki, beləliklə, komitə bu barədə mediada yazılanları nə təsdiq, nə də təkzib etmək imkanındadır.

Aprelin 13-də Ermənistan mediaları qətlə yetirilmiş qafanlıya məxsus mobil telefonun guya Açaçan kəndi yaxınlığında saxlanmış azərbaycanlının üstündən tapıldığı barədə məlumat yayırdılar.

Azatutyun yazır ki, aprelin 13-də internetdə yayılan bir videoda Ermənistanda saxlanmış azərbaycanlı əsgər olduğu ehtimal edilən şəxs “satqın olmadığını və vətən uğrunda ölməyə hazır olduğunu” bildirirdi.

Həmin video sonradan internetdən silinib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan XİN: 'Əsirin döyülməsi beynəlxalq humanitar hüquqa ziddir'

Video barədə

Azərbaycanın rəsmi qurumlarının itkin əsgərlərindən birinə aid etdikləri videogörüntülərlə bağlı cinayət işi başlanıb. Bu barədə aprelin 13-də Baş Prokurorluq məlumat yayıb.

Məlumatda bildirilir ki, bəzi media və sosial şəbəkələrdə Azərbaycan hərbi qulluqçusunun Ermənistanda əsir düşməsi, ona əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsinə dair videogörüntülər yayılıb:

"Yayılmış həmin videogörüntlərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb".

Hələlik, bu açıqlamaya Ermənistanın rəsmi qurumlarının münasibəti bəlli deyil.

Sizin brauzer HTML5-i dəstəkləmir

Erməni sakinlər kənddə tutulan azərbaycanlıdan danışdılar

Xatırlatma

Aprelin 13-də Ermənistan ərazisində itkin düşdüyü deyilən ikinci azərbaycanlı hərbçi də aşkarlanaraq saxlanıb. Məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Azərbaycan aprelin 10-da Naxçıvanda iki hərbi qulluqçunun pis hava şəraiti səbəbindən itkin düşdüyünü açıqlamışdı.