Bakıda nazirlərin brifinqində Ukraynadan danışılıb
Bu gün, martın 5-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla da görüşüb.
Onların görüşdən sonra birgə brifinq də keçirilib. AZƏRTAC-ın xəbərinə görə, Mövlud Çavuşoğlu deyib ki, Ukrayna hadisələrini narahatlıqla izləyirlər.
“Ölkələrin ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinin əleyhinəyik. Münaqişənin dayandırılması üçün səylərimizi davam etdiririk ”, deyə o vurğulayıb.
Mövlüd Çavuşoğlu habelə qeyd edib ki, Azərbaycan və Türkiyə hər iki münaqişə tərəfi ilə əlaqə saxlayan ölkələrdəndir: “Bu münasibətlərdən istifadə edərək münaqişənin dayandırıması üçün səylərimizi davam etdiririk.”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 4-də Azərbaycana gəlib. Onu martın 5-də səhər saatlarında Azərbaycan Prezidenti İlham Əliyev qəbul etmişdi.
Azərbaycandan Ukraynaya yardım
Ukraynanın müraciətinə əsasən, 24 saat ərzində Azərbaycan 5,5 milyon avro məbləğində humanitar yardımı Polşa üzərindən Ukraynaya çatdırıb.
Bunu isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
Xatırlatma
Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Ondan üç gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini –Krımı ilhaq etmişdi.
Bu ölkəyə qarşı sanksiyaların ilkin mərhələsi onda başlamışdı.
Son hücumdan sonra Rusiyaya qarşı Qərb və başqa bəzi ölkələrin sanksiyası daha da genişləndirilib. Azərbaycan və Türkiyə isə sanksiyalara qoşulmur.
Prezident Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, Prezident İlham Əliyev iki ölkə əlaqələrinin önəmindən bəhs edib:
“ Çünki təkcə ikitərəfli formatda yox, bölgə təhlükəsizliyi üçün bizim əlaqələrimizin çox böyük əhəmiyyəti var. Türkiyə və Azərbaycan birgə səylərlə bizim bölgəmizdə gələcək inkişafı təmin edir, təhlükəsizliyi təmin edir, xalqlarımızın rahat həyatını təmin edir.”
Mövlud Çavuşoğlu da deyib ki, onların əlaqələrinin güclənməsinin yalnız iki ölkənin əlaqələrinin güclənməsinə, ya da marağına deyil, bölgənin sabitliyi və əmin-amanlığına da çox faydası olacaq:
“Təbii ki, bölgəmizdə mühüm proseslər yaşanır, bu proseslərin təsirləri var.”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 4-də Azərbaycana gəlib.