“Fermer təsərrüfatları ölkədə kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Bu müəssisələrdə yetişdirilən kənd təsərrüfatı məhsulları ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verəcək”.
Oktyabrın 19-da qərb bölgəsinə səfər edən prezident İlham Əliyev bunu Qazax rayonundakı “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının təqdimatında deyib.
Dövlət televiziyası xəbər verir ki, prezident təqdimat zamanı münbit torpaqlardan səmərəli istifadənin vacibliyini vurğulayıb.
“Kənd təsərrüfatı məhsullarının - taxılın, kartofun, şəkər çuğundurunun əkininin genişləndirilməsi əhəmiyyətlidir. Bundan sonra da sahibkarlara dövlət dəstəyi davam etdiriləcək. Kənd təsərrüfatının inkişafı üçün infrastruktur layihələr həyata keçirilir. Bu sırada elektrik enerjisi ilə təminat da diqqət mərkəzində saxlanılır”, prezident əlavə edib.
Buna da bax: SKMF-nin açması - 'iri sahibkarların ucuz kredit mənbəyi'
Prezident İlham Əliyev ölkənin qərb bölgəsinə səfəri Qazax rayonundan başlayıb. İ.Əliyev “Birinci Şıxlı” kənd-fermer təsərrüfatı müəssisəsinin təqdimatından əlavə, digər müəssisələrin açılışına da qatılıb.
İlham Əliyev daha sonra qonşu Ağstafa rayonuna gedib. Ölkə başçısı həmin rayonda “Karvan-L EKO” sənaye parkında tikilmiş müəssisələrin və istixana kompleksinin açılışına qatılıb.
O, “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində də iştirak edib.
“Diqqət sənaye və kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına yönəlib”.
“Ağstafada yeni sənaye kompleksinin işə düşməsi əlamətdar hadisədir. Bu sənaye kompleksinin yeni iş yerlərinin yaradılması, daxili bazarın istehsal mallarına olan tələbatının ödənilməsi və ixrac yönümlü məhsulların artırılması baxımından mühüm rolu var”.
Buna da bax: Masallıda «sənaye məhəlləsi» yaradılır, amma...
APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev elə Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında söyləyib.
Dövlət başçısı belə sənaye müəssisənin regionda açılması təşəbbüsünü yüksək qiymətləndirib. Eyni zamanda o, Ağstafada əhalinin sosial problemləri, su, qaz, elektrik enerjisi ilə təchizatı məsələlərinin həllinə toxunub: “Kənd yollarının yenidən qurulması uğurla davam etdirilir. İndi əsas diqqət sənaye və kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına yönəlib. Bu sahədə regionlarda görülən işlər mühüm önəm daşıyır”.
Prezident İlham Əliyev oktyabrın 19-da Qərb bölgəsinə səfər edib. O Qazax və Ağstafada bir sıra obyektlərin açılışında iştirak edib.