Əliyev Lavrovun nümayəndəsi ilə yolların açılmasından danışıb

Prezident İlham Əliyev Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev sentyabrın 5-də Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə regionda vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması barədə müzakirələr aparılıb.

Əliyev Qarabağın erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələr üçün Bakıya dəvət olunmasına baxmayaraq, onların bundan imtina etdiklərinə diqqət çəkib.

Xovayev Rusiyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib.

Buna da bax: Xankəndidə çörək talonları paylanır

Ötən ildən...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun faktiki blokadaya alındığını, üç aya yaxındır Qarabağa Ermənistandan kommersiya və humanitar yüklərin daxil olmadığını bildirir. Ermənistan rəsmiləri Azərbaycanın Laçın dəhlizində qurduğu nəzarət-buraxılış məntəqəsini qanunsuz sayır, 2020-ci ilin 9 noyabr üçtərəfli atəşkəs bəyanatına zidd olduğunu deyirlər.

Rəsmi Bakı isə regionun blokadaya salınması ittihamlarını rədd edir. Azərbaycan Qarabağa humanitar yardımın gətirilməsi üçün Ağdam-Xankəndi və Füzuli-Şuşa yollarını da təklif edib. Separatçılar Laçın dəhlizinə alternativ olan hər hansı yolla gətiriləcək humanitar yardımdan imtina edirlər.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.